AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
BİOLOGİYA VƏ TİBB ELMLƏRİ BÖLMƏSİ
Foto
Biologiya elmləri doktoru, dosent Elşad Əhmədov AMEA-nın Zoologiya İnstitutunun kollektivinə təqdim olunub.
Yan 10, 2020 | 05:34 / Konfranslar, iclaslar
Oxunub 308 dəfə

10 yanvar 2020-ci il tarixində AMEA-nın Zoologiya İnstitutunun Elmi şurasının yeni ildə ilk iclası keçirilib. İclasda AMEA-nın vitse-prezidenti, AMEA Biologiya və Tibb Elmləri Bölməsinin sədri akademik İradə Hüseynova iştirak edib. Öz çıxışında akademik bildirib ki, əvvəlki direktor fizika üzrə fəlsəfə doktoru Elman Yusifov öz xahişi ilə vəzifəsindən azad edilib və AMEA Rəyasət Heyətinin qərarı ilə AMEA-nın Zoologiya İnstitutunun direktoru vəzifəsinin icrası müvəqqəti olaraq elmi işlər üzrə direktor müavini, biologiya elmləri doktoru, dosent Elşad Əhmədova həvalə edilib. Elşad müəllimi kollektivə təqdim edən, elmi fəaliyyəti haqqında məlumat verən İradə Hüseynova öz çıxışında AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin ölkəmizdə zoologiya elminin inkişaf etdirilməsinə önəm verdiyini qeyd edərək, bugünkü təyinatı göstərilən istiqamətdə atılan addım kimi səciyyələndirib. O, vaxtilə bir sıra görkəmli alimlərin çalışdığı institutda normal elmi mühitin yaradılması, ən müasir metodlarla ciddi elmi tədqiqatların aparılması, innovativ fəaliyyətlə əldə edilən gəlirlərin artırılması, gənc kadrların hazırlanmasına xüsusi diqqət göstərilməsi, institutun beynəlxalq əlaqələrinin genişləndirilməsi ilə bağlı fəaliyyətlərin intensivləşdirilməsinin vacibliyini vurğulayıb, bütün bu istiqamətlərdə, eləcə də Azərbaycan Respublikasının “Qırmızı Kitabı”nın növbəti nəşri ilə bağlı institutun yeni rəhbərliyinin üzərinə düşən vəzifələrdən danışıb, lazımi tapşırıqlarını verib. Daha sonra elmi şuranın üzvləri AMEA Rəyasət Heyətinin qərarlarını dəstəklədiklərini və institutun yeni rəhbərliyinə hərtərəfli kömək göstərəcəklərini bildiriblər.

© bteb.science.gov.az

 

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015