AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
BİOLOGİYA VƏ TİBB ELMLƏRİ BÖLMƏSİ
Foto
AMEA Biologiya və Tibb Elmləri Bölməsinin akademik-katibi akademik Əhliman Əmiraslanov İran İslam Respublikasının Təbriz Azad İslam Universitetin rektoru professor Əziz Cavanpouru qəbul etmişdir
Okt 13, 2019 | 06:23 / Görüşlər
Oxunub 125 dəfə

AMEA Biologiya və Tibb Elmləri Bölməsinin akademik-katibi akademik Əhliman Əmiraslanov İran İslam Respublikasının Təbriz Azad İslam Universitetin rektoru professor Əziz Cavanpouru və onu müşayət edən şəxsləri qəbul edib. Qəbulda həmçinin AMEA Genetik Ehtiyatlar İnstitutunun direktoru AMEA-nın müxbir üzvü Zeynal Əkpərov, Azad İslam Universitetin Azərbaycanda tibb təhsili üzrə nümayəndəsi Dr. Əmini Tabrizi, AMEA Genetik Ehtiyatlar İnstitutunun əməkdaşları iştirak ediblər. Qonaqları səmimi salamlayan akademik Əhliman Əmiraslanov Biologiya və Tibb Elmləri Bölməsinin AMEA-nın strukturunda önəmli rolu, əsas tədqiqat istiqamətləri, xüsusən Azərbaycanda tibbi-genetika və onkologiya sahəsində əldə edilmiş elmi və təşkilati nailiyyətlər barədə qonaqları məlumatlandırıb. O, qardaş İran İslam Respublikasının elm və təhsil müəssisələri ilə əlaqələrin yüksələn xətlə inkişafından məmnunluğunu bildirib, bu əlaqələrin daha da genişlənməsi və dərinləşməsində marağını dilə gətirib. Öz növbəsində professor Əziz Cavanpour yüksək qəbula görə təşəkkür edib, İranda və dünyada böyük nüfuza malik olan və hazırda 53000 tələbənin təhsil aldığı universitet, onun fakültələri, elm və təhsil strategiyası, nailiyyətləri barədə məlumat verib. O, Genetik Ehtiyatlar İnstitutunun rəhbərliyi və alimləri ilə keçirdikləri görüşlərin faydalı olmasından məmnunluğunu ifadə edib.

Daha sonra AMEA Biologiya və Tibb Elmləri Bölməsinin institutları və Azərbaycan Tibb Universitetinin Onkologiya klinikası ilə Təbriz Azad İslam Universiteti arasında elmi əlaqələrin gələcək perspektivləri, birgə tədqiqatların mümkün istiqamətləri müzakirə olunub. Professor Əziz Cavanpour akademik Əhliman Əmiraslanovu Təbriz Azad İslam Universitetini ziyarət etməyə dəvət edib.

 

© http://bteb.science.gov.az/

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015