AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
BİOLOGİYA VƏ TİBB ELMLƏRİ BÖLMƏSİ
Foto
Terminologiya Komissiyasının Biologiya və Tibb Elmləri Bölməsinin iclasi keçirilib
Okt 09, 2019 | 06:49 / Konfranslar, iclaslar
Oxunub 79 dəfə

Oktyabr ayının 8-də AMEA Molekulyar Biologiya və Biotexnologiyalar İnstirurunun akt zalında Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının strukturunda fəaliyyət göstərən Biologiya və Tibb Elmləri Bölməsinin iclasi keçirilib. İclası giriş nitqi ilə açan Bölmənin sədri akademik Əhliman Əmiraslanov Bölmənin üzvlərini və dəvət olunmuş ekspertləri gündəliklə tanış edib. O bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Azərbaycan dilinin inkişafına və təmizliyinə ciddi diqqət verir. Bu siyasi kursun səmərəli icrasında Terminologiya Komissiyasının böyük rolunu vurğulayan akademik müxtəlif elm sahələri ilə bağlı terminoloji lüğətlərin hazırlanmasının həm tədqiqatların səmərəliliyinin artırılması, həm də dilin zənginləşdirilməsi baxımından vacibliyini qeyd edib. Akademik Əhliman Əmiraslanov Terminologiya Komissiyasının Biologiya və Tibb Elmləri Bölməsinin tərkibinə yenidən baxılmasına ciddi zərurət yarandığından danışıb, bununla bağlı AMEA Rəyasət Heyəti qarşısında vəsatət qaldırılacağını bildirib.

Daha sonra iclasın sədri sözü Terminologiya Komissiyasının sədr müavini, filologiya elmləri doktoru, professor Sayalı Sadıqovaya verib. AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsində elmi terminologiya problemlərinə həmişə həssaslıqla yanaşıldığını qeyd edən professor Sayalı Sadıqova son illərdə Terminologiya Komissiyasının qərarı ilə işıq üzü görmüş “Hərbi-tibbi terminlərin izahlı lüğəti”, “Onkologiya terminləri lüğəti” kimi əsərlərin Azərbaycan tibb elminə dəyərli tohfə olduğunu vurğulayıb. Daha sonra natiq Terminologiya Komissiyasının fəaliyyət prinsiplərindən, terminologiyaya qoyular tələblərdən danışıb. O, AMEA-nın Zoologiya İnstitutu tərəfindən müzakirəyə təqdim edilən “Azərbaycan faunasının taksonomik spektri (onurğalılar)” üzrə informasiya sisteminə daxil ediləcək heyvan adları və terminlərlə bağlı bir sıra mübahisəli məqamlara diqqət çəkib, məsələ ilə bağlı müəlliflər qarşısında suallar qoyub.

Sonra söz AMEA Zoologiya İnstitutunun direktoru, fizika üzrə fəlsəfə doktoru, dosent Elman Yusifova verilib. O, Azərbaycanda mövcud olan onurğalılar faunasının sistematikası, növ tərkibi, heyvan və quşların adları ilə bağlı yığılıb qalmış problemlərin həlli üçün Zoologiya İnstitutunun, Bakı Dövlət Universitetinin, AMEA Naxçıvan Bölməsi Bioresurslar İnstitutunun, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssisləri tərəfindən atılmış birgə addımlardan, 1 il ərzində aparılmış araşdırma və müzakirələr nəticəsində hazırlanmış sənədin qəbulunun vacibliyindən danışıb, akademik Əhliman Əmiraslanov və professor Sayalı Sadıqova tərəfindən qoyulmuş suallara aydınlıq gətirməyə çalışıb. Elman Yusifov araşdırmalar nəticəsində Azərbaycanın onurğalılar faunasının növ tərkibinin dəqiqləşdirildiyini də xüsusi vurğulayıb.

Sonra aparılan geniş müzakirələrdə AMEA-nın vitse-prezidenti, Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun direktoru akademik İradə Hüseynova, AMEA Botanika İnstitutunun direktoru akademik Validə Əlizadə, Bakı Dövlət Universitetinin kafedra müdiri, AMEA-nın müxbir üzvü Elşad Qurbanov, AMEA Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun laboratoriya müdiri, AMEA-nın müxbir üzvü İlham Şahmuradov, Dövlət Sərhəd Xidmətinin Hərbi Qospitalının rəisi, tibb elmləri doktoru, AMEA-nın professoru Kənan Yusifzadə, Akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunun direktoru, biologiya elmləri doktoru, professor Ulduz Həşimova, AMEA Zoologiya İnstitutunun “Quru onurğalıları” laboratoriyasının aparıcı elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru, dosent Əbülfəz Tağıyev, Zooloji Muzeyin direktoru biologiya üzrə fəlsəfə doktoru, dosent Səbinə Bünyatova, AMEA Zoologiya İnstitutunun şöbə müdiri, biologiya elmləri doktoru, professor Şaiq İbrahimov və başqaları çıxış edib təkliflər verərək öz mülahizələrini bildiriblər.

Sonda akademik Əhliman Əmiraslanov terminalogiya ilə bağlı məsələlərdə çox ehtiyatlı davranılmasının, bütün problemlərin ciddi şəkildə və müvafiq sahə mütəxəssislərinin iştirakı ilə geniş və elmi əsaslı müzakirə edilərək ən düzgün qərarlar qəbul edilməsinin vacibliyinə bir daha diqqət çəkib. O, bu kimi həssas terminoloji məsələlərin Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Terminologiya Komissiyası ilə birgə müzakirə edilməsindən əvvəl mətbuata və sosial şəbəkələrə çıxarılmasının düzgün olmadığını bildirib. Akademik Əhliman Əmiraslanov elmin terminoloji problemləri ilə məşğul olmaq üçün elmi tədqiqat institutlarında ciddi iş aparılmasının məqsədəmüvafiq olduğunu vurğulayıb. İclasın sonunda akademik Əhliman Əmiraslanovun təklifi ilə “Azərbaycan faunasının taksonomik spektri (onurğalılar)” adlı sənədin yenidən müzakirə edilərək yekun rəylərin verilməsi üçün müvafiq sahələr üzrə mütəxəssis və dilşünas alimlərdən ibarət işçi qrupunun yaradılması qərara alınıb.

 

© http://bteb.science.gov.az/

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015