AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
BİOLOGİYA VƏ TİBB ELMLƏRİ BÖLMƏSİ
Foto
Biologiya və Tibb Elmləri Bölməsinin ümumi yığıncağı keçirilib
Sen 13, 2019 | 11:06 / Konfranslar, iclaslar
Oxunub 38 dəfə

Sentyabrın 12-də AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda Biologiya və Tibb Elmləri Bölməsinin (BTEB) ümumi yığıncağı keçirilib.

Tədbirdə bölmənin akademik-katibi, akademik Əhliman Əmiraslanov, bölmə və büro üzvləri, AMEA-nın professorları, BTEB-ə daxil olan elmi müəssisələrin rəhbərləri və aidiyyəti məsələlər üzrə dəvət olunmuş şəxslər iştirak ediblər.

Gündəlikdə yer alan məsələlərlə bağlı iştirakçıları məlumatlandıran akademik Əhliman Əmiraslanov bugünkü iclasda AMEA-nın akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutu və Mərkəzi Nəbatat Bağının direktoru vəzifəsinə seçkilərin keçiriləcəyini söyləyib.

Daha sonra o, “AMEA-nın Xəbərləri (biologiya və tibb elmləri seriyası)” jurnalının, eləcə də bölmənin digər dövri nəşrlərinin mühüm elmi tədqiqat nəticələrinin ictimaiyyətə çatdırılması və elmin təbliği baxımından əhəmiyyətindən danışıb, həmin nəşrlərin təkmilləşdirilməsi istiqamətində həyata keçiriləcək tədbirlərdən söz açıb. İclasda “AMEA-nın Xəbərləri (biologiya və tibb elmləri seriyası)” jurnalının növbəti nömrədən başlayaraq “Həyat elmləri və biotəbabət” adlandırılması qərara alınıb.

Tədbirdə yüksəkixtisaslı elmi kadr hazırlığında tanınmış xarici elmi mərkəzlərin təcrübəsindən geniş istifadə olunmasının məqsədəuyğunluğu nəzərə alınaraq, Genetik Ehtiyatlar İnstitutunun laboratoriya müdiri, tibb üzrə fəlsəfə doktoru Allahverdi Şahverənovun Almaniyaya, institutun elmi işçisi və doktorantı Nigar Kərimovanın Türkiyəyə və Botanika İnstitutunun doktorantı Aynurə Cəfərovanın Almaniyaya ezam olunmaları barədə qərarlar qəbul edilib.

Gündəlikdə yer alan növbəti məsələ Genetik Ehtiyatlar İnstitutunun Qarabağ Elmi-Tədqiqat Bazasının direktoru Həmid Mehdiyevin bölmənin Fəxri Fərmanı ilə təltif edilməsi olub.

İclasda, həmçinin Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun əməkdaşları müvafiq vəzifələrə təsdiqləniblər.

Sonda AMEA-nın Fiziologiya İnstitutu və Mərkəzi Nəbatat Bağının direktoru vəzifələrinə seçkilər keçirilib. Biologiya elmləri doktoru, professor Ulduz Həşimova Fiziologiya İnstitutunun, biologiya elmləri doktoru, dosent Vahid Fərzəliyev isə Mərkəzi Nəbatat Bağının direktoru vəzifələrinə seçiliblər.

Seçkilərin nəticələrinin təsdiq edilməsi üçün AMEA Rəyasət Heyətinə təqdim olunması qərara alınıb.

©www.science.gov.az 

 

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015