AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
BİOLOGİYA VƏ TİBB ELMLƏRİ BÖLMƏSİ
Zoologiya İnstitutu ilə ABŞ-ın EcoHealth Alliance (EHA) təşkilatı arasında protokol imzalanıb
Sen 03, 2019 | 01:35 / Konfranslar, iclaslar
Oxunub 155 dəfə

2019-cu ilin iyun ayında AMEA-nın Zoologiya İnstitutu ilə ABŞ-nın EcoHealth Alliance (EHA) təşkilatı arasında əməkdaşlıq haqqında protokol imzalanıb. Protokola əsasən bu ilin sentyabr ayında Azərbaycanda yayılmış yarasalarda zoonoz xəstəliklərin tədqiqi ilə bağlı çöl işləri həyata keçiriləcək. Layihə Zoologiya İnstitutunun “Quru onurğalıları” laboratoriyasının əməkdaşlarının bilavasitə iştirakı və biologiya üzrə fəlsəfə doktoru, yarasalar üzrə ekspert Nicat Həsənovun koordinatorluğu ilə həyata keçiriləcək.

Azərbaycanda çöl işləri 2019-2021-ci illər üçün planlaşdırılır. Bu tədqiqatlar zamanı yarasalar ilə əlaqədar virusları müəyyənləşdirmək məqsədi ilə fərdlərin canlı olaraq tutulması, onlardan oral və rektal yaxmaların, həmçinin qanad biopsiyası (DNT nümunəsi) və qan nümunələrinin götürülməsi nəzərdə tutulur. Heyvanlara zərər vurmadan nümunələrin götürülməsi ümumi qəbul olunmuş standartlar əsasında həyata keçiriləcək və daha sonra yarasalar yenidən təbiətə buraxılacaq.

Məlumat üçün qeyd edək ki, EcoHealth Alliance (EHA) - canlı təbiətin və ictimai sağlamlığın mühafizəsini həyata keçirən qlobal qeyri-kommersiya təşkilatı olub, 2017-ci ildə Qərbi Asiya Yarasalar üzrə Elmi-Tədqiqat Şəbəkəsi (WAB-Net) tərəfindən təsis edilib. EHA 40 ildən artıqdır ki, yaranan zoonoz xəstəliklər və qlobal sağlamlıq imkanlarının artırılması üzrə 30-dan artıq ölkədə yerli partnyorlarla elmi-tədqiqat işləri həyata keçirir.

 

© http://bteb.science.gov.az/

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015