AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
BİOLOGİYA VƏ TİBB ELMLƏRİ BÖLMƏSİ
Foto
“Nüfuzlu elmi jurnallara məqalə hazırlamağın yolları” mövzusunda seminar keçirilib
May 14, 2019 | 06:00 / Konfranslar, iclaslar
Oxunub 111 dəfə

AMEA-nın Genetik Ehtiyatlar İnstitutunda “Nüfuzlu elmi jurnallara məqalə hazırlamağın yolları” mövzusunda seminar keçirilib.

Tədbirdə AMEA-nın vitse-prezidenti, akademik İradə HüseynovaBiologiya və Tibb Elmləri Bölməsinin (BTEB) akademik-katibi, akademik Əhliman Əmiraslanov, akademiyanın Elmi nəşriyyat şurasının sədri, AMEA-nın müxbir üzvü Misir Mərdanov, BTEB-ə daxil olan müəssisələrin direktorları, bölmədə işıq üzü görən nəşrlərin məsul katibləri və gənc alimlər iştirak ediblər.

Seminarı akademik Əhliman Əmiraslanov açaraq şuranın AMEA-da nəşriyyat fəaliyyətinin müasir tələblərə uyğun qurulması, eləcə də jurnallarla bağlı mövcud problemlərin həlli məqsədilə yaradıldığını bildirib, qısa müddətdə bir çox uğurlara imza atdığını söyləyib. Qeyd edib ki, ötən müddət ərzində şura tərəfindən akademiyada çap olunan jurnalların bugünkü vəziyyəti araşdırılıb, dünyada elmi jurnallara qoyulan tələblər müəyyənləşdirilib və nəşrlərin müasir tələblərə uyğunlaşdırılması üçün səmərəli təkliflər verilib.

Akademik, həmçinin bu gün alimlərin məqalələrinə obyektiv resenziya almaqda çətinliklərlə üzləşdiklərini deyib, problemin həlli yollarına dair tövsiyələrini çatdırıb.

Sonra M.Mərdanovun “Nüfuzlu elmi jurnallara məqalə hazırlamağın yolları” mövzusunda məruzəsi dinlənilib. Alim məruzəsində “Məqalə çap etdirməkdə məqsəd”, “Məqalənin faydalı, maraqlı və oxunaqlı olması”, “Əlyazmanın tərtibatı”, “Jurnal seçimi, məqaləni seçilmiş jurnala təqdim etmə qaydaları” haqqında məlumat verib. Bildirib ki, məqalənin nüfuzlu jurnallarda nəşri tədqiqatçının elmi fəaliyyət dairəsinin genişlənməsinə, onun statusunun yüksəlməsinə, beynəlxalq qrant layihələrində iştirakına təkan verir, həmçinin ölkənin və çalışdığı müəssisənin elmi nüfuzunun yüksəlməsinə gətirib çıxarır.

Məqalələrin hazırlanma qaydalarından danışan M.Mərdanov elmi nəticələrin orijinal və məntiqi mülahizələrlə zəngin, eləcə də annotasiyanın dolğun olmasının, açar sözlərin peşəkarlıqla seçilməsinin, resenziyaya diqqət yetirilməsinin, xüsusilə səlis ingilis dilində yazılmasının zəruriliyini vurğulayıb. Bundan əlavə, məqalənin adına (6-12 sözdən ibarət) önəm verilməsinə və istifadə olunan ədəbiyyatları göstərməklə etik normalara riayət edilməsinə, o cümlədən “yırtıcı jurnallar”dan qorunmağa dair tövsiyələrini çatdırıb.

O, tədqiqat işinin “Elsevier”, “Nature”, “Springer” kimi nüfuzlu nəşriyyatlarda çıxan yüksək impakt faktorlu jurnallarda dərc edilməsinin məqalənin daha geniş ictimaiyyətə çatması baxımından önəmli olduğunu deyib.

Məruzə dinlənildikdən sonra mövzu ətrafında akademiklər - İradə Hüseynova və Məmməd Salmanov çıxış edərək fikir və təkliflərini bildiriblər.

Sonda iştirakçıların sualları cavablandırılıb.

 

© www.science.gov.az

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015