AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
BİOLOGİYA VƏ TİBB ELMLƏRİ BÖLMƏSİ
Foto
Biologiya və Tibb Elmləri Bölməsinin və Lənkəran Regional Elmi Mərkəzinin Elmi Şurasının birgə iclası keçirilib
Dek 27, 2018 | 05:01 / Konfranslar, iclaslar
Oxunub 307 dəfə

Dekabrın 26-da Lənkəran şəhərində AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin (BTEB) və Lənkəran Regional Elmi Mərkəzinin (LREM) Elmi Şurasının birgə iclası keçirilib.

Bölmənin akademik-katibi, akademik Əhliman Əmiraslanovun sədrliyi ilə keçən tədbirdə BTEB-in bürosunun və LREM-in Elmi Şurasının üzvləri ilə yanaşı, Kənd Təsərrüfatı Nazirliyinin və müvafiq yerli təşkilatların rəhbər və mütəxəssisləri, həmçinin Lənkəran Şəhər İcra Hakimiyyətinin rəhbərliyi də iştirak ediblər.

Akademik Əhliman Əmiraslanov iclası giriş sözü ilə açaraq iştirakçıları gündəliklə tanış edib.

Tədbirdə LREM-in direktoru, kənd təsərrüfatı elmləri doktoru Fərman Quliyevmərkəzin 2018-ci ildəki elmi və elmi-təşkilati fəaliyyətinin yekunlarına dair məruzə ilə çıxış edərək aparılan tədqiqat işləri barədə məlumat verib. Natiq Cənub-Şərqi Azərbaycanda çay və sitrus bitkilərinin sort və formalarının toplanmasının, qiymətləndirilməsinin, yeni sortların yaradılmasının, yabanı floranın növ tərkibinin müəyyənləşdirilməsinin və qiymətləndirilməsinin, eləcə də subtropik qərzəkli, sitrus meyvə bitkilərinin şaxtaya, xəstəlik və zərərvericilərə davamlı yeni sortlarının yaradılmasının, mövcud sortlarının öyrənilməsinin, həmçinin Cənub-Şərqi Azərbaycanın arxeoloji abidələrinin sistemli və müasir elmi üsullarla tədqiqinin prioritet istiqamətlərdən olduğunu bildirib. Mərkəzin beynəlxalq əlaqələri haqqında da məlumat verən məruzəçi bildirib ki, hesabat ilində İranın bir neçə elmi tədqiqat institutları ilə əməkdaşlıq əlaqələri qurulub. Əlavə edib ki, əkinçilik, torpaqşünaslıq, biokimya, çay, zeytun, feyxoa və sitrus bitkilərinin yetişdirilməsi sahəsində mütəxəssislərin hazırlanması, elmi-texniki əməkdaşlığın yaradılması və inkişaf etdirilməsi istiqamətlərində müəyyən razılaşmalar əldə edilib.

Məruzə dinlənildikdən sonra müzakirələr aparılıb. Akademik Əhliman Əmiraslanov Lənkəran REM-in növbəti illər üzrə elmi istiqamətləri və mövzu planları haqqından söhbət açaraq bu sahədə Lənkəran Dövlət Universiteti ilə birgə elmi tədqiqat işlərinin aparılmasının vacibliyini vurğulayıb. Yerli kadrların hazırlanmasına ehtiyac olduğunu qeyd edən akademik bu istiqamətdə institutların üzərinə düşən vəzifələrdən danışıb.

Tədbirdə AMEA-nın aqrar məsələlər üzrə müşaviri, akademik Qərib Məmmədov coğrafi informasiya sistemləri əsasında interaktiv elektron torpaq və torpaqların elektron ekoloji qiymət xəritələrinə dair məruzə ilə çıxış edib. Bildirib ki, ərazi üzrə torpaq resurslarının optimal idarəsi üçün mə­kanla bağlı torpaq və torpaq yeri, həmçinin ümumcoğrafi in­for­­masiya haqqında baza məlumatların olduğu sistemin ya­ra­dıl­ması olduqca vacibdir. Akademik ekoloji qiymət xəritələrinin məlumat bazasının yaradılması və idarə edilməsi xüsusiyyətlərini tədbir iştirakçılarının diqqətinə çatdırıb.   

İclasda AMEA-nın vitse-prezidenti, Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun direktoru, akademik İradə Hüseynova, Lənkəran Dövlət Universitetinin rektoru, riyaziyyat elmləri doktoru, professor Natiq İbrahimov, Botanika İnstitutunun direktoru, akademik Validə ƏlizadəGenetik Ehtiyatlar İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Zeynal ƏkpərovTorpaqşünaslıq və Aqrokimya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Əlövsət QuliyevDendrologiya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Tofiq Məmmədov, AMEA-nın müxbir üzvü Elşad QurbanovFiziologiya İnstitutunun direktoru, biologiya elmləri doktoru Ulduz HəşimovaMərkəzi Nəbatat Bağının direktor vəzifəsini icra edən, biologiya üzrə fəlsəfə doktoru, dosent Vahid FərzəliyevZoologiya İnstitutunun direktoru, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru Elman Yusifov və başqaları çıxış edərək görülən işlərdən danışıblar.

Sonra BTEB-in institutlarının Lənkəran-Astara bölgəsində bu günə qədər apardıqları birgə tədqiqat və gələcək planlar, çayçılıq, tərəvəzçilik, sitrus bitkiləri, çəltikçilik və baramaçılığın inkişafı ilə bağlı dövlət proqramlarının yerinə yetirilməsində LREM-in rolu, BTEB-in institutları ilə Lənkəran Dövlət Universiteti, Kənd Təsərrüfatı Nazirliyinin Regional Elm Mərkəzi, Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun Lənkəran Çayçılıq filialı, Hirkan Milli Parkı, eləcə də digər əlaqədar yerli təşkilatlar arasında əməkdaşlıq əlaqələrinin inkişaf yolları, regionda birgə elmi seminar, simpozium və konfransların təşkili məsələləri haqqında, həmçinin Lənkəran REM-in tədqiqat imkanlarına və təcrübə sahəsinə baxış üzrə müzakirələr aparılıb, müvafiq tapşırıqlar verilib.

Müzakirələr aparıldıqdan sonra elmi mərkəzin 2018-ci ildəki elmi və elmi-təşkilati fəaliyyəti haqqında hesabatının təsdiq edilərək akademiyanın illik hesabatına daxil edilməsi barədə qərar qəbul edilib.

Tədbirin sonunda akademik Qərib Məmmədov və AMEA-nın müxbir üzvü Tofiq Məmmədov öz əsərlərini LREM-ə bağışlayıblar.

 

© www.science.gov.az 

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015