AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
BİOLOGİYA VƏ TİBB ELMLƏRİ BÖLMƏSİ
Foto
Dünya şöhrətli alim Cəlal Əliyevin xatirəsi anılıb
Fev 02, 2018 | 05:11 / Konfranslar, iclaslar
Oxunub 44 dəfə

AMEA Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda görkəmli alim və ictimai-siyasi xadim, Azərbaycanda biologiya elminin yeni istiqamətlərinin yaradıcısı, akademik Cəlal Əliyevin xatirəsinə həsr olunan anım tədbiri keçirilib.

Əvvəlcə tədbir iştirakçıları I Fəxri xiyabana gələrək görkəmli alminin əziz xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil və gül dəstələri qoyublar.

Daha sonra tədbir Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun akt zalında davam etdirilib.

Anım mərasimində institutun direktoru, akademik İradə Hüseynova çıxış edərək dünya şöhrətli seleksiyaçı alim  Cəlal Əliyevin həyat yolundan və elmi yaradıcılığından geniş söz açıb. Bildirib ki, akademik C.Əliyev Azərbaycanda biologiya elminin yeni istiqamətlərinin yaradıcısı, bu sahənin inkişafında mühüm xidmətləri olan alimlərdəndir. Onun fotosintezlə bağlı əldə etdiyi elmi nəticələr dünyanın bir çox ölkələrində uğurla tətbiq olunur. 

İ.Hüseynova alimin əməyinin dövlətimiz tərəfindən yüksək qiymətləndirildiyini, onun bir sıra ali dövlət mükafatlarına layiq görüldüyünü diqqətə çatdırıb.

Akademik Cəlal Əliyevlə bağlı xatirələrini bölüşən İ.Hüseynova bildirib ki, elmə dəyərli töhfələr vermiş böyük alimin əziz xatirəsi ürəklərdə yaşayacaq, Azərbaycan xalqı görkəmli övladının xatirəsini daim uca tutacaqdır.

Tədbirin sonunda Elm TV-nın ərsəyə gətirdiyi akademik Cəlal Əliyevə həsr edilmiş “Əbədi çıraq” filmi nümayiş etdirilib. Ekran əsərində Cəlal Əliyevin tükənməz enerjisindən, əbədiyaşar elmi irsindən, biologiya elminə verdiyi əvəzsiz töhfələrdən bəhs olunub.

Film böyük maraqla qarşılanıb.

© www.science.gov.az 

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015