AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
BİOLOGİYA VƏ TİBB ELMLƏRİ BÖLMƏSİ
AMEA Rəyasət Heyətinin iclasında Biologiya və Tibb Elmləri Bölməsinin hesabatı dinlənilib
Yan 31, 2018 | 10:05 / Konfranslar, iclaslar
Oxunub 577 dəfə

Yanvarın 31-də AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda Rəyasət Heyətinin iclası keçirilib.

İclası AMEA-nın prezidenti, akademik Akif Əlizadə açaraq gündəlikdəki məsələləri tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Sonra AMEA Biologiya və Tibb Elmləri Bölməsinin (BTEB) hesabatı dinlənilib.

Bölmənin 2017-ci ildəki elmi və elmi-təşkilati fəaliyyəti barədə məruzə ilə çıxış edən BTEB-nin akademik-katibi, akademik Əhliman Əmiraslanov bildirib ki, bölmənin fəaliyyəti Prezident İlham Əliyevin fərman və sərəncamları, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamları, dövlət proqramları, milli strategiyalar, AMEA-nın Ümumi Yığıncağı və Rəyasət Heyətinin qərarları, AMEA prezidentinin sərəncamları əsasında qurulub.

Məruzədə həyata keçirilən tədqiqat işlərinin biomüxtəlifliyin, torpaq və su ehtiyatlarının tədqiqi, bərpası, mühafizəsi, səmə­rəli istifadəsi və məlumat bazalarının yaradılması, bioloji proseslərin molekulyar-genetik və fiziki-kimyəvi əsasları, genom və pro­teom tədqiqatları, yeni biotexnologiyaların fundamental əsaslarının işlənib hazırlanması, insan xəstəliklərinin fizioloji və molekulyar-genetik əsaslarının tədqiqi, yeni diaq­nostika və müalicə üsullarının, dərman preparatlarının işlənib hazırlanması və repro­duktiv təbabətdə yüksək texnologiyaların və kök hüceyrələrinin tətbiqi istiqamətlərində aparıldığı qeyd olunub.

Akademik Əhliman Əmiraslanov bölmə institutlarında müxtəlif istiqamətlər üzrə 18 problem, 92 mövzu, 245 iş və 468 mərhələni əhatə edən tədqiqatların aparıldığını söyləyib: “Bunlardan 6 iş və 468 mərhələ tamamlanıb. Bölmədənkənar tibb müəssisələri tərəfindən 32 problem, 137 mövzu, 291 iş və 615 mərhələ üzrə tədqiqatlar həyata keçirilib, onlardan 48 iş və 211 mərhələ tamamlanıb. 2017-ci ildə aqrar elm və təhsil müəssisələrində 27 problem, 101 mövzu, 210 iş və 293 mərhələ üzrə tədqiqat işləri davam etdirilib".

Akademik bildirib ki, ötən il BTEB institutlarında 1089, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin elmi-tədqiqat institutları və Azərbaycan Tibb Universitetində 2753, aqrar sahə institutları və Azərbaycan Dövlət Aqrar Universitetində isə ümumi­likdə 1496 elmi əsər dərc olunub. BTEB-in alimlərinin iştirakı ilə 11 dərslik hazırlanıb.

Hesabat dövründə ilk dəfə olaraq Genetik Ehtiyatlar İnstitutunda "Azərbaycan gülöyşəsi" nar sortunun genomunun tam oxunması və altı orqanı üzrə transkriptom analizin həyata keçirildiyini deyən akademik-katib nar genomunda 5485 gen ailəsinə daxil olan 51160 genin müəyyənləşdirildiyini bildirib.

Botanika İnstitutunun alimləri tərəfindən Qafqaz və Azərbaycan florasına aid yeni aşkar edilən bitki növlərindən bəhs edən akademik Əhliman Əmiraslanov digər mühüm nəticələrdən də danışıb: "Myosotis schistosa A.P.Khokhr. və Adonis persica Boiss. adlı iki bitki və Azərbaycanda şabalıd ağacından elm üçün yeni patogen göbələk növü, o cümlədən Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda Azərbaycanda üzüm bitkisi üzərində aparılan tədqiqatlar nəticəsində elm üçün dörd yeni genotip aşkar edilib. Bitkilərdən TiO2 əsaslı günəş batareyaları hazırlanaraq elektrik cərəyanı əldə olunub".

Alim qeyd edib ki, Genetik Ehtiyatlar İnstitutu ilə Milli Aviasiya Akademiyasının birgə tədqiqatının nəticəsi olan "Kənd təsərrüfatı bitkilərinin toxumlarının səpinqabağı ozonlaşdırılması üsulu" adlı ixtira bir neçə inzibati rayonun təsərrüfatlarında və "Azərsun Holdinq" şirkətində tətbiq olunub.

Ötən il elm və təhsilin inteqrasiyası istiqamətində görülən işlərdən danışan akademik qeyd edib ki, BTEB-in alimləri respublikanın bir sıra ali təhsil müəssisələrində elmi-pedaqoji fəaliyyətlə məşğul olaraq yüksəkixtisaslı mütəxəssislərin hazırlanmasında yaxından iştirak ediblər.

Bölmə institutlarının müxtəlif respublika və beynəlxalq qrant layi­hələrində iştirak etdiyini nəzərə çatdıran akademik Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu və bəzi xarici fondlar tərəfindən maliyyələşdirilən 37 layihə əsasında tədqiqatların aparıldığını bildirib.

Tədbirdə bölmənin kadr hazırlığı sahəsində beynəlxalq əməkdaşlıq və qrant proqramlarından da danışılıb. Alimlərin tanınmış xarici universitetlərdə tədqiqat aparmaqla yeni metodikalara yiyələndiklərini vurğulayan akademik Əhliman Əmiraslanov dörd əməkdaşın xaricdə doktorantura təhsili aldığını, ümumilikdə bölmənin 34 əməkdaşının xarici elm mərkəzlərində təcrübə keçdiyini söyləyib. Bununla yanaşı, akademik 120-dən çox xarici alimin bölmə institutlarında aparılan tədqiqatlarla tanış olduğunu bildirib.

Bölmənin institutlarında beynəlxalq əlaqələr daha çox birgə elmi-tədqiqat işləri və layihələrin həyata keçirilməsi, tədbirlərin və beynəlxalq ekspedisiyaların təşkili, eləcə də nüfuzlu jurnallarda həmmüəllifli elmi məqalələrin çapına yönəldilib. Qeyd olunub ki, ABŞ, Böyük Britaniya, Fransa, Almaniya, Avstraliya, Türki­yə, Rusiya, Ukrayna, Qazaxıstan, Gürcüstan və Misirin tanınmış universitetləri, elmi-tədqiqat müəssisələri, eləcə də müxtəlif ölkələrin nəbatat bağ­ları ilə elmi əmək­daşlıq əlaqələri qurulub.

Akademik-katib Botanika İnstitutunda Biomüxtəliflik və iqlim dəyişmələri, Meşə mikologiyası və patologiyası adlı laboratoriyaların, Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda dünyanın aparıcı alimlərinin rəhbərliyi ilə Kompüter struktur, Molekul­yar biotexnologiya, Molekulyar biomühəndislik, Proteomiks, Bionanotexnologiya beynəlxalq laboratoriyalarının fəaliy­yətləri barədə tədbir iştirakçılarına məlumat verib.

Qeyd edək ki, hesabat ilində bölmə üzrə Azərbaycan Respublikası Prezidenti tərəfindən akademik Əhliman Əmiraslanov "Şərəf" və akademik Qərib Məmmədov "Şöhrət" ordenləri, AMEA-nın müxbir üzvləri ­­– Novruz Quliyev və Əlişir Musayev "Tərəqqi" medalı ilə mükafatlandırılıblar. AMEA-nın müxbir üzvü Sudeyif İmamverdiyev Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülüb.

Məruzə dinlənildikdən sonra hesabat ətrafında akademiklər - İbrahim QuliyevNazim Məmmədovİradə Hüseynova, AMEA-nın müxbir üzvləri - Zeynal Əkpərovİlham ŞahmuradovNuru BayramovƏlövsət Quliyev və digərləri çıxış edərək fikir və təkliflərini bildiriblər.

Hesabat təsdiq olunaraq mühüm nəticələri Rəyasət Heyətinin hesabatına daxil edilib.

Daha sonra Rəyasət Heyəti tərəfindən AMEA-nın müxbir üzvü İlham Şahmuradovun 60 illik yubileyinin qeyd olunması, AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru vəzifəsinə seçkilərin keçirilməsi barədə qərar qəbul edilib.

 

© www.science.gov.az 

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015