AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
BİOLOGİYA VƏ TİBB ELMLƏRİ BÖLMƏSİ
Foto
AMEA FİZİOLOGİYA İNSTİTUTUNDA 20 YANVAR ŞƏHİDLƏRİNİN XATİRƏSİNƏ ANILIB
Yan 18, 2018 | 05:39 / Mühüm hadisələr
Oxunub 93 dəfə

Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının Fiziologiya İnstitutunda Qanlı Yanvar hadisəsinin 28-ci ildönümünə hərs edilmiş tədbir keçirilib.

Tədbiri giriş sözü ilə elmi işlər üzrə direktor müavini, “Hüceyrə metabolizminin fiziologiyası” laboratoriyasının müdiri, fizika-riyaziyyat üzrə elmlər doktoru, professor Əhməd Hacıyev açıb.

Bir dəqiqəlik sükutla davam edən tədbirdə  Ə.Hacıyev 28 il bundan əvvəl milli azadlığı, suverenliyi uğrunda mübarizəyə qalxmış Azərbaycan xalqına qarşı keçmiş Sovetlər birliyinin rəhbərliyi tərəfindən xüsusi qəddarlıqla düşünülmüş, vəhşicəsinə törədilmiş terror aktından söz açıb. Ümummilli lider Heydər Əliyevin sözlərindən sitat gətirən professor bildirib ki, bu faciə xalqımızı mənəvi cəhətdən sarsıdıb itkilərə məruz qoysa da, onun mənliyini tapdaya, qürurunu sındıra bilmədi, qəhrəmanlıq salnaməsinə yeni bir səhifə kimi yazıldı.

         Daha sonra institutun dəvəti ilə tədbirdə iştirak edən Arxeologiya və etnoqrafiya institutunun şöbə müdiri, tarix elmlər doktoru, professor Əsədulla Cəfərov “20 yanvar faciəsi tariximizin qəhrəmanlıq səhifəsidir” adlı məruzə ilə çıxış etdi, qanlı hadisənin xronikası, Azərbaycanda və dünyada ona verilən hüquqi və siyasi qiymət haqqında fikirlərini bölüşdü. Ə.Cəfərov 1988-ci ildən başlanan hadisələri erməni mafiyasına xidmət edən qüvvələrin mürtəce, yırtıcı siyasəti kimi dəyərləndirib.

Tədbirdə “Mühit amilləri və analizatorların formalaşması” laboratoriyasının müdiri, biologiya üzrə fəlsəfə doktoru Afiq Qazıyev, “Təbii mənşəli heroprotektorların farmakologiyası” laboratoriyasının müdiri, Qarabağ müharibəsi veteranı, biologiya üzrə fəlsəfə doktoru Xanağa Babayev, “Gənc alim və mütəxəssislər” şurasının sədri, biologiya üzrə fəlsəfə doktoru Zenfira Qədimova hadisənin tarixi yoluna nəzər salaraq insanların etdiyi şücaətdən danışıb, 20 Yanvar hadisəsinin yaddaşlardan silinməyəcəyini, bu günün faciə kimi deyil, xalqımızın qəhrəmanlıq, şücaət günü kimi qeyd edilməli olduğunu vurğulayıblar.

 20 Yanvar tarixində Fiziologiya İnstitutunun kollektivi Şəhidlər Xiyabanını ziyarət edəcək.

 

©  http://bteb.science.gov.az/

 
 
 
 
Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015