AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
BİOLOGİYA VƏ TİBB ELMLƏRİ BÖLMƏSİ
AMEA-nın müxbir üzvü Zeynal Əkpərovu 65 illik yubileyi münasibətilə təbrik edirik!
Sen 26, 2017 | 05:00 / Yubileylər
Oxunub 135 dəfə

Bitki genetik ehtiyatları sahəsində tanınmış alim və təşkilatçı, AMEA-nın müxbir üzvü, Əməkdar elm xadimi, Bitki genetik ehtiyatları üzrə milli əlaqələndirici, AMEA Genetik Ehtiyatlar İnstitutunun direktoru Zeynal İba oğlu Əkpərov28 sentyabr 1952-ci ildə Cəlilabad rayonunun Privolnı kəndində anadan olmuşdur. O,1978-ci ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunu (indiki Azərbaycan Dövlət Aqrar Universiteti) fərqlənmə diplomu ilə, 1981-ci ildə isə ET Əkinçilik İnstitutunda bitkilərin fiziologiyası ixtisası üzrə əyani aspiranturanı bitirmişdir.

Zeynal Əkpərov 1987-ci ildə Moldova Respublikasının Elmlər Akademiyasının Fiziologiya və Biokimya İnstitutunda fiziologiya ixtisası üzrə “Soyadan yüksək və keyfiyyətli məhsul alınmasını təmin edən fotosintez fəaliyyəti” mövzusunda namizədlik dissertasiyasını (elmi rəhbər: akademik Cəlal Əliyev) müdafiə etmişdir.

1988-ci ilə kimi ET Əkinçilik İnstitutunda kiçik elmi işçi,daha sonra böyük elmi işçi, 1990-cı ildən laboratoriya müdiri və 1993-cü ildən 2000-ci ilədək elmi işlər üzrə direktor müavini vəzifələrində çalışmışdır.

2000-2002-ci illərdə Kənd Təsərrüfatında Özəl Bölmənin İnkişafına Yardım Agentliyində, Dünya Bankının Kənd Təsərrüfatının Kreditləşməsi və İnkişafı layihəsində, Müsabiqəli Qrantlar Proqramında Kənd Təsərrüfatı Tədqiqatları Şurasının icraçı katibliyində müşavir vəzifəsində işləmişdir.

2003-cü ilin əvvəllərindənMilli Elmlər Akade­miya­sıGenetik Ehtiyatlar İnstitutunundirektorudur.

Zeynal Əkpərov 2010-cu ildə ET Əkinçilik İnstitutunda “Azərbaycanın bitki genetik ehtiyatlarının öyrənilməsi və seleksiyada istifadəsi” mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir(elmi məsləhətçi: akademik Cəlal Əliyev).

Onun elmi fəaliyyəti dövründə apardığı tədqiqatlarla mədəni bitkilərin yabanı əcdadlarına aidbəzi nadir və itmək təhlükəsində olan növlərin arealları dəqiqləşdirilmiş, itmə təhlükələri müəyyənləşdirilmiş, mühafizəsi üçün elmi tövsiyələr işlənib-hazırlanmışdır.Bitki genetik ehtiyatlarının yeni təsnifatı işlənib hazırlanmış, mühafizə strategiyaları üzrə yeni metodologiyalar təklif edilmişdir.

Onun tərəfindən sort xüsusiyyətləri və mineral qidalanmadan asılı olaraq, soya bitkisindən yüksək və keyfiyyətli məhsul alınmasını təmin edən fotosintez xüsusiyyətləri müəyyən edilmişdir. Bu xüsusda intensiv və ekstensiv tipli genotiplər öyrənilməklə yüksək fotosintezedici sistemin quruluşu müəyyən edilmişdir.Genotiplərin fotosintez əlamətlərinə görə bir-birindən fərqləndiyi göstərilməklə onların arasında qarşılıqlı əlaqənin mövcudluğu və ümumi fotosintetik potensialda ayrı-ayrı orqanların payı müəyyən edilmişdir. Alim əlverişli şəraitdə intensiv tipli sortlarda yüksək fotosintez əlamətlərinin mütənasib artmasına əsasən onların eyni genotipdə birləşdirilməsinin mümkün olduğunu aydınlaşdırmışdır.

Zeynal Əkpərovun apardığı tədqiqatlarla suvarma şəraitində soyadan yüksək məhsul alınmasını təmin edən intensiv becərmə texnologiyası işlənib hazırlanmışdır. Payızlıq və ikili xarakterli taxıl bitkiləri sortlarının optimal vaxtda əkin aparmaq üçün yarovizasiya müddətləri müəyyənləşdirilmişdir. Soya, yerfındığı, noxud və mərcimək bitkilərinin respublikamızın təbii-iqlim şəraitinə uyğun, kompleks qiymətli əlamət və xüsusiyyətlərə malik yüksəkməhsuldar sortların morfofizioloji parametrləri müəyyən edilmiş və optimal modelləri yaradılmışdır.Müxtəlif toxum məhsuldarlığı ilə səciyyələnən sortların donor-akseptor xüsusiyyətləri aydınlaşdırmışdır. Bitki nümunələrinin davamlı, yüksək dən məhsuldarlığına və keyfiyyətə malik, qiymətli təsərrüfat əlamətləri ilə fərqlənən genetik mənbələri seçilmiş və perspektiv formalar kimi seleksiyada istifadə edilməsi tövsiyə edilmişdir. Süni iqlim şəraitində dənli taxıl və paxlalı bitkilərin seleksiya prosesini sürətləndirmək üçün texnologiyalar işlənib hazırlanmışdır.

AMEA-nın müxbir üzvü Zeynal Əkpərov müxtəlif bitkilərə aid respublikanın müxtəlif aqro-iqlim zonalarında becərilmək üçün rayonlaşdırılmış 8 sortun yaradılmasında bilavasitə iştirak etmişdir. Həmçinin 15-ə qədər perspektiv sort və formanın həmmüəllifidir.

Zeynal Əkpərovun gərgin zəhməti nəticəsində regionda ilk dəfə olaraq, Genetik Ehtiyatlar İnstitutunda Yeni Nəsil Sekvenserləri ilə təchiz olunmuş Genomiks (Genomika) laboratoriyası yaradılmışdır.  Genom səviyyəsində ilkin təcrübələr buğda, arpa və onların yabanı əcdadları üzərində həyata keçirilmiş və Azərbaycanda ilk dəfə olaraq, Milli genbankda saxlanılan 700-ə yaxın buğda və arpa nümunəsinin sekvens əsasında genotipləşdirilməsi (GBS) uğurla tamamlanmışdır. Tədqiqatların GBS analizdən ən mürəkkəb səviyyəyə - bütöv genomun oxunması (de-novo sekvensləmə) və transkriptom analizinə keçidi isə ilkin olaraq nar bitkisini əhatə etmişdir. Belə ki, AMEA Genetik Ehtiyatlar İnstitutunun koordinatorluğu və Azərbaycan, Avstraliya, Rusiya, Amerika Birləşmiş Ştatları və Misir alimlərinin birgə iştirakı ilə, dünyada ilk dəfə olaraq, “Azərbaycan gülöyşəsi” nar sortunun genomunun de-novo oxunması və 6 orqanı üzrə transkripsiya profilinin yaradılması həyata keçirilmişdir.Ərik genotipləri üzərində aparılan tədqiqatlarla isə kolleksiyada çox zəngin genetik müxtəliflik və şarka xəstəliyinə davamlılıq geninə malik donor genotiplər aşkarlanmış, ərik bitkisində mədəniləşdirilmə prosesinin ən azı iki dəfə, müxtəlif zaman və məkanlarda, lakin ümumi bir əcdaddan baş verməsi müəyyənləşdirilmişdir. Tədqiqatın nəticələri yüksək impakt faktorlu “Molekulyar Ekologiya” jurnalında dərc edilmişdir.

Zeynal Əkpərov Azərbaycan Milli Aviasiya Akademiyası ilə artıq 10 ilə yaxın birgə tədqiqatlar aparmış, araşdırmalar nəticəsində dənli-taxıl və paxlalı bitki nümunələrinin genbankda uzunmüddətli saxlanması nəticəsində itirilən cücərmə qabiliyyətini və irsi tamlığını ozon-hava qarışığı ilə bərpa etməyin mümkün olduğu, bitki nümunələrinin fumiqasiyasında kimyəvi maddələrdən daha təhlükəsiz olduğu, ozonlaşdırmanın becərilən bitkilərin inkişafına, əldə edilən məhsulun keyfiyyətinin yüksəldilməsinə və ekoloji təmiz saxlanmasına stimul­laşdırıcı təsir göstərdiyi, yüksək səmərə verdiyi müəyyən edilmişdir.

Onun tərəfindən Azərbaycanda bitki genetik ehtiyatları sahəsində elmi fəaliyyətləri istiqamətləndirməyə və əlaqələndirməyə, həm bitkilərin genetik müxtəlifliyini qiymətləndirməyə imkan verən, həm də kəskin təbii və antropogen dəyişikliklər şəraitində onların etibarlı mühafizəsi və səmərəli istifadəsinin optimallaşdırılmasını, davamlı idarəolunmanı və inkişafı təmin edən modellər işləyib hazırlanmışdır. Milli Genbankda apardığı tədqiqatlar sayəsində mühafizə edilənbitki nümunələrinin həyat qabiliyyəti potensialının funksional diaqnostikası və ömürsürəkliliyinin genetik proqnozlaşdırılmasının elmi əsasları işlənib hazırlanmışdır.Genbank nümunələrinin mühafizəsinin universal, yüksək həlledici qabiliyyətə malik təcrübi modelləri yaradılmış və kəmiyyət meyarları işlənib hazırlanmışdır.

Z.Əkpərov apardığı tədqiqatlar və məqsədyönlü fəaliyyət sayəsində BGE üzrə İnformasiya Sisteminin elmi əsasları işlənib hazırlanmış, Milli Şəbəkə qurulmuş, respublikanın bütün ex situ kolleksiyalarını əhatə edən Mərkəzi Məlumat Bazası, Milli İnformasiya Mübadiləsi Sistemi və mexanizmin internet əsaslı məlumat bazası yaradılmışdır.

Z.İ.Əkpərov Respublika Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının “Kənd təsərrüfatı bitki və heyvanlarının genetika və seleksiyası problemləri üzrə elmi şura”sının sədri, “Biologiyanın problemləri üzrə elmi şura”sının üzvüdür. Yüksək beynəlxalq reytinqə malik “Genetic Resources Crop Evaluation” jurnalının, AMEA-nın Xəbərləri (Biologiya elmləri seriyası) jurnalının, “Azərbaycan Aqrar Elmi” jurnalının redaksiya heyətinin üzvü, AMEA Genetik Ehtiyatlar İnstitutunun Elmi Əsərlərinin Baş redaktorudur.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə 2013-cü ildə yaradılmış "Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi üzrə idarəetmə sisteminə daxil olan Elmi-Texniki Şura"nın sədridir. Kənd Təsərrüfatı Nazirliyinin Toxumlara və əkin materiallarına subsidiya verilməsi üzrə Ekspert Şurasının üzvüdür.

2016-cı ildə Zeynal Əkpərova böyük etimad göstərilmiş və o, AMEA Biologiya və Tibb Elmləri Bölməsinin akademik-katibinin müavini seçilmişdir. Z.Əkpərov həmçinin Bölmə Bürosunun üzvüdür.

Z.Əkpərovun təşkilatçılığı və rəhbərliyi ilə aparılan məqsədyönlü fəaliyyətlər nəticəsində Azərbaycan BGE üzrə Avropa Əməkdaşlıq Proqramına (ECPGR) üzv qəbul edilmişdir. O, uzun illərdir ki, biomüxtəliflik və bitki genetik ehtiyatları üzrə beynəlxalq şəbəkələrdə, o cümlədən Genetik Ehtiyatlar üzrə Avropa Əməkdaşlıq Proqramının (ECPGR) strukturlarında, Mərkəzi Asiya və Cənubi Qafqaz Regional Şəbəkəsinin Koordinasiya Şurasında, FAO-nun (BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı) Dünya İnformasiya və Qabaqcadan Xəbərvermə Sistemində (WIEWS), Biomüxtəlifliyə dair Beynəlxalq Konvensiyanın, BGE üzrə Beynəlxalq Müqavilənin müvafiq rəhbər orqanlarında Azərbaycanı Milli Əlaqələndirici kimi uğurla təmsil etməklə genetik ehtiyatlar sahəsində Azərbaycanın beynəlxalq əlaqələrinin inkişafında və müsbət imicinin formalaşmasında xüsusi rol oynayır. Z.Əkpərov 2010-cu ildə Mərkəzi Asiya və Cənubi Qafqaz Regional Şəbəkəsinin Koordinasiya Şurasının sədri seçilərək mühüm beynəlxalq tədbirlərdə regionu təmsil edir. O, beynəlxalq əhəmiyyətə malik bir çox qlobal və regional layihə və proqramların, o cümlədən BGE üzrə Regional Strategiya və Fəaliyyət Planının hazırlanmasında da yaxından iştirak etmişdir.

Z.Əkpərov FAO, “Bioversity İnternational” (Beynəlxalq Bitki Genetik Ehtiyatları İnstitutu, Roma), İCARDA (Quraq Ərazilərdə Kənd Təsərrüfatı Tədqiqatları üzrə Beynəlxalq Mərkəz, Livan, İordaniya, Misir, Tunis), CİMMYT (Buğda və Qarğıdalının inkişafı üzrə Beynəlxalq Mərkəz, Meksika), TRUST-Fond (Bitki Genetik Ehtiyatları üzrə Qlobal Etimad Fondu, Bonn), UPOV (Yeni Seleksiya Sortlarının Mühafizəsi üzrə Beynəlxalq Təşkilat), USDA (ABŞ Dövlət Kənd Təsərrüfatı Departamenti), VİR (Ümumrusiya Bitkiçilik İnstitutu), İNRA (Fransa Kənd Təsərrüfatı Tədqiqatları Mərkəzi), KYU Botanika Bağları (Böyük Britaniya) və s. beynəlxalq və regional təşkilatlar, xarici ölkələrin elm və təhsil mərkəzləri ilə Azərbaycanın elmi-tədqiqat müəssisələri arasında sabit, səmərəli əlaqələrin və əməkdaşlığın təşkilində mühüm rol oynayır.

Əkpərov beynəlxalq və regional təşkilatlarla birgə həyata keçirilən bir sıra müştərək layihələrə rəhbərlik etmişdir. Onun rəhbərliyi altında 2006-cı ildə Azərbaycanda Ərzaq və Kənd Təsərrüfatı Bitki Genetik Ehtiyatları (ƏKTBGE) üzrə Qlobal Fəaliyyət Planının yerinə yetirilməsinin monitorinqi həyata keçirilmiş, bitki genetik ehtiyatlarının mövcud vəziyyətini əks etdirən 2-ci Milli Hesabat, 2005-2015-ci illərdə heyvan genetik ehtiyatlarına həsr edilmiş hesabatlar hazırlanaraq FAO-ya təqdim edilmişdir.

Onun Milli Əlaqələndirici kimi təşkilatçılığı ilə 2004-cü ildə Bioloji Müxtəliflik üzrə Konvensiya çərçivəsində Azərbaycanda biomüxtəlifliyin vəziyyəti ilə bağlı I Milli Məruzə, eləcə də Azərbaycan Respublikasında bioloji müxtəlifliyin qorunması və davamlı istifadəsinə dair Milli Strategiya və Fəaliyyət Planı hazırlanaraq 24 mart 2006-cı ildə Respublika Prezidentinin sərəncamı ilə təsdiq edilmişdir.

Zeynal Əkpərov Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu (EİF) tərəfindən maliyyələşdirilən bir neçə layiənin, o cümlədən iri həcmli pilot layihələrinin rəhbəri olmuş, hazırda da EİF-in daha bir layihəsinin rəhbəridir. AMEA Rəyasət Heyətinin qərarı ilə maliyyələşən 5 illik (2015-2019) elmi-tədqiqat proqramı da onun rəhbərliyi və iştirakı ilə uğurla həyata keçirilir.

ƏkpərovAzərbaycanın bitki genetik ehtiyatlarının öyrənilməsi və toplanması üzrə 1999 və 2001-ci illərdə Almaniya, Rusiya və İran, 2003-cü və 2010-cu illərdə Yaponiya və Rusiya, 2004-cü ildə Avstraliya və Suriya, 2006, 2007, 2008, 2009, 2010, 2014-cü illərdə ABŞ, 2009-cu ildə Slovakiya, 2010-cu ildə Niderland, İspaniya və Rusiya, 2011-13-ci illərdə Niderland, 2015-2017-ci illərdə “Azərbaycanda mədəni bitkilərin yabanı əcdadları üzrə beynəlxalq layihə” çərçivəsində Böyük Britaniya, eləcə də digər ölkələrin aparıcı təşkilatları, tanınmış mərkəzlər və onların alimləri ilə birgə keçirilmiş beynəlxalq ekspedisiyalara elmi rəhbərlik etmiş, əksəriyyətinin iştirakçısı olmuşdur. Onun rəhbərliyi ilə Respublikanın zəngin bitki müxtəlifliyinə malik Şəki və Lerik rayonlarında elmi-tədqiqat bazaları yaradılmışdır.

O, beynəlxalq təşkilatların dəvəti və dəstəyi ilə dünyanın 50-yə qədər ölkəsində (ABŞ, Rusiya, Almaniya, Fransa, İtaliya, Meksika, Braziliya, Çili, Hindistan, Türkiyə, Özbəkistan, Macarıstan, Çexiya, Lüksemburq, Avstriya, Niderland, Böyük Britaniya və s.) genetik ehtiyatlara həsr olunmuş elmi-təşkilati simpozium, müşavirə, seminar, konqres və qurultaylarda, o cümlədən 2005-ci ildə İtaliyada mədəni bitkilərin yabanı əcdadlarına, 2006-cı ildə Çilidə biotexnologiya və gen mühəndisliyinə, 2006-cı ildə Meksikada taxıl bitkilərinin inkişaf problemlərinə, 2010-cu ildə Sankt-Peterburqda taxıl bitkilərinə, 2011-ci ildə ABŞ-də meyvə bitkilərinin genetik ehtiyatlarına, 2014-2017-ci illərdə İranda (Kərəc) keçirilən biotexnologiyanın problemlərinə həsr edilmiş strateji əhəmiyyətli beynəlxalq elmi konfranslarda, 2003-2016-cı illərdə İsveç, Türkiyə, Latviya, Bosniya və Hersoqovina, Slovakiya,  Rusiya, Almaniya və s. Avropa Əməkdaşlıq Proqramının elmi müşavirələrində, 1995-2013-cü illərdə Özbəkistan, Gürcüstan. Cənubi Qafqaz və Mərkəzi Asiya Regional Koordinasiya Şurasının elmi-təşkilati toplantılarında, 1995-2012-ci illərdə Suriya, Özbəkistan, Azərbaycan, Türkiyə, Gürcüstan və s. Kənd Təsərrüfatı Tədqiqatları üzrə Beynəlxalq Məşvərətçi Qrupun İdarəedici Komitəsinin iclaslarında və s. tədbirlərdə Azərbaycanı uğurla təmsil etmiş, məruzə və posterlərlə çıxış etmişdir. O, dəfələrlə beynəlxalq tədbirlərin hazırlanmasına cəlb edilmiş, 2011-ci ildə iki beynəlxalq konfransın (ABŞ və Hindistanda) elmi-təşkilat komitəsinin üzvü seçilmişdir. Onun təşkilatçılığı və əlaqələndiriciliyi ilə Bakıda (2006, 2011) keçirilmiş beynəlxalq konfranslar, Beynəlxalq Bağçılıq Təşkilatı ilə birgə "Subtropik və mülayim iqlim qurşaqlarının meyvə və qərzəkli bitkilərinin yabanı əcdadları" üzrə II Beynəlxalq Simpozium (2014) böyük uğur qazanmışdır.

Z.Əkpərov “Biomüxtəlifliyin mühafizəsi” Cəmiyyətinin sədri kimi alimləri vahid məqsədlər istiqamətində səfərbər etməyə və müasir elm sahələrinin populyarlaşdırılmasına çalışır.

Zeynal müəllimin elmi-təşkilati fəaliyyətində gənc kadrların hazırlanması, onların elmi bilik və bacarıqlarının artırılması önəmli yerlərdən birini tutur. Akademik C.Əliyevin elmi məktəbinin yetişdirməsi olan alim 30-a qədər gənc mütəxəssis  və alimin beynəlxalq mərkəzlərdə ən müasir elmi istiqamətlərdə təlim almasını təşkil və təmin etmiş, onların qlobal elmi-tədqiqat layihə və proqramlarında iştirakına rəhbərlik edərək öz elmi məktəbini yarada bilmişdir. Onun elmi rəhbərliyi ilə 1 elmlər doktoru, 5 fəlsəfə doktoru və 1magistr hazırlanmış, hal-hazırda 4 elmlər doktorunun elmi məsləhətçisi, 8 fəlsəfə doktorunun və 1 magistrin elmi rəhbəridir. Ölkədə BGE-nin tədqiqi və istifadəsi sahəsində milli seminar, ixtisasartırma və təlim kurslarının təşkili və keçirilməsi alimin gündəlik qayğılarındandır.

Zeynal Əkpərovun apardığı elmi tədqiqatların nəticələri 175 elmi əsərdə (85-i xaricdə), o cümlədən 5 kitab (3-i xaricdə), 3 monoqrafiya, 2 kitabça, 2 tövsiyə və 8 patentdəöz əksini tapmışdır. Z.Əkpərov Romada FAO tərəfindən dərc edilmiş “Gardens of biodiversity: Conservation and use of genetic resources for food and agriculture in the Southern Caucasus” (2010) kitabının, həmçinin Azərbaycanda biomüxtəlifliyə dair bütün məsələləri əhatə edən ilk monoqrafiyanın həmmüəllifidir.

Bitki genetik ehtiyatları üzrə milli qanunvericiliyin təkmilləşdirilməsi məsələləri daim Zeynal Əkpərovun diqqət mərkəzində olmuşdur. O, “Seleksiya nailiyyətləri haqqında”, “Toxumçuluq haqqında”, “Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi haqqında” Azərbaycan Respublikası qanunlarının, eləcə də qanunvericilik aktlarının icra mexanizmlərinin, qayda və əsasnamələrin hazırlanması və tətbiqində bilavasitə iştirak etmişdir.

Bütün həyatını Azərbaycan elminə və gəncliyinə sərf etmiş AMEA-nın müxbir üzvü Zeynal Əkpərovun elmi və elmi-təşkilati fəaliyyəti Azərbaycan Respublikası Prezidenti tərəfindən yüksək qiymətləndirilmiş və o, cənab Prezidentin Sərəncamı ilə 2015-ci ildə “Əməkdar elm xadimi” adı ilə təltif edilmişdir.

 

©  http://bteb.science.gov.az/

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015