AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
BİOLOGİYA VƏ TİBB ELMLƏRİ BÖLMƏSİ
Foto
“Azərbaycan-Çin iqtisadi əməkdaşlığı” mövzusunda elmi-praktik konfrans keçirilib
Sen 21, 2017 | 07:53 / Konfranslar, iclaslar
Oxunub 138 dəfə

Sentyabrın 21-də AMEA-nın Əsas binasında akademiyanın İqtisadiyyat İnstitutunun və Çin İctimai Elmlər Akademiyası (ÇİEA) İqtisadiyyat İnstitutunun birgə təşkilatçılığı ilə “Azərbaycan-Çin iqtisadi əməkdaşlığı” mövzusunda elmi-praktik konfrans keçirilib.

Əvvəlcə konfrans iştirakçıları Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, məzarı önünə əklil və gül dəstələri qoyublar.

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla anılıb, məzarı üzərinə tər güllər düzülüb.

Sonra Şəhidlər xiyabanına gələn qonaqlar Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəman Vətən övladlarının xatirəsinə ehtiramlarını bildirib, məzarları üzərinə gül dəstələri qoyublar.

Tədbirdə çıxış edən AMEA-nın prezidenti, akademik Akif Əlizadə ölkələrimiz arasında dostluq əlaqələrinin qədim tarixi köklərə malik olduğunu deyib. Alim bildirib ki, 2000 il əvvəl təməli qoyulmuş qədim İpək yolu xalqlarımız arasında dostluq münasibətlərinin əsasını qoyub. 1992-ci il aprelin 2-də Çin və Azərbaycan arasında diplomatik əlaqələrin yaradılması isə hər iki ölkənin tarixində yeni vacib bir səhifə açıb.

AMEA-nın rəhbəri qeyd edib ki, 25 il ərzində Çin və Azərbaycan arasında əməkdaşlıq durmadan inkişaf edir. Əgər 1992-ci ildə iki ölkə arasında ticarət dövriyyəsi 1,5 milyon ABŞ dolları təşkil edirdisə, bu göstərici 2016-cı ildə 770 milyon ABŞ dollarına çatıb. Dünya bazarında neftin qiymətinin aşağı düşməsinə baxmayaraq ölkələrimiz arasındakı ticarət əlaqələri genişlənməkdə davam edib. Hazırda Çin Azərbaycanın beş böyük ticarət tərəfdaşından biridir.

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 1994-cü ildə Çin Xalq Respublikasına səfərini müstəqillik illərində əlaqələrin mühüm başlanğıc nöqtəsi olduğunu xüsusi vurğulayan A.Əlizadə 2015-ci ildə Prezident İlham Əliyevin Çinə səfəri və keçirilən görüşlərin əməkdaşlıq üçün zəngin töhfələr verdiyini bildirib.

"Dünyanın əhalisinə görə birinci, iqtisadiyyatına görə ikinci yerdə olan nəhəng dövləti ilə elmi və ədəbi əlaqələrin qurulması əhəmiyyətlidir. Eyni zamanda, AMEA-nın rəhbərliyi də 2015-ci ildə Çinə səfər etmiş və burada İctimai Elmlər Akademiyasında müxtəlif formatda görüşlər keçirmişdir”, – deyə AMEA-nın prezidenti müştərək elmi əməkdaşlıq əlaqələrindən söhbət açıb. O, bundan sonra da qarşılıqlı elmi əlaqələrin uğurla davam edəcəyinə əminliyini bildirib.

Alim vurğulayıb ki, əlaqələrin daha da möhkəmləndirilməsi üçün Çin hökuməti Azərbaycan ilə birgə səylər göstərməyə, münasibətlərin qarşıdakı 25 illik tarixini birgə yazmağa hazırdır. A.Əlizadə elmi-praktik konfransın iqtisadi əməkdaşlığın genişlənməsinə, ümumiyyətlə ölkələrimiz arasındakı münasibətlərin intensiv inkişafına təkan verəcəyinə əminliyini ifadə edib.

Sonra çıxış edən ÇİEA-nın prezidenti Van Veyquan vurğulayıb ki, hazırda Azərbaycan-Çin əməkdaşlığının sürətli inkişaf mərhələsinə başlanılıb. “Bir kəmər - bir yol” layihəsinin əhəmiyyətindən danışan V.Veyquan ölkəsinə bu təşəbbüsə görə ayrılan vəsaitlər barədə məlumat verib. Diqqətə çatdırılıb ki, Avrasiya materikinin döyünən ürəyi olan Azərbaycanın əlverişli coğrafi mövqeyi bu ölkəni Çin üçün strateji tərəfdaşa çevirir.

ÇİEA-nın prezidenti qeyd edib ki, rəhbərlik etdiyi qurum 1977-ci ildən müstəqil ali elmi təşkilat kimi fəaliyyət göstərən ölkənin ən böyük elmi-tədqiqat mərkəzlərindən biridir. Dünyanın ən tanınmış dövlət xadimləri və məşhur Nobel mükafatı laureatları bu akademiyada olub, görüşlər keçiriblər. Azərbaycan xalqının ümummilli lideri, görkəmli dövlət xadimi Heydər Əliyev 1994-cü il martın 9-da Çin Xalq Respublikası İctimai Elmlər Akademiyasının alimləri qarşısında dərin məzmunlu nitq söyləyib və bu elmi-tədqiqat qurumunun fəaliyyətini dünyada qəbul edilən tanınmış əsas elmi mərkəzlərdən biri kimi yüksək qiymətləndirib.

V.Veyquan bugünkü konfransın Azərbaycan-Çin elmi əməkdaşlığının əsasını yaradan platforma olacağını vurğulayıb.

Daha sonra Çinin Azərbaycandakı səfiri Vey Cinhua çıxış edərək Azərbaycan-Çin ədəbi əlaqələrinin tarixindən danışıb, ölkələrimiz arasında münasibətlərin dostluq və tərəfdaşlıq prinsiplərinə əsaslandığını vurğulayıb. Çinin Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən biri olduğunu deyən səfir ikitərəfli əməkdaşlığın bir çox sahələrdə sürətlə inkişaf etdiyini bildirib. O, yüksək səviyyəli qarşılıqlı səfərlərin, keçirilən konfransların, imzalanan çoxsaylı sənədlərin əlaqələrimizin daha da dərinləşməsinə töhfə verdiyini diqqətə çatdırıb.

Tədbirdə AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəylinin “Azərbaycan – Çin münasibətləri: müasir baxış və perspektivlər”, ÇİEA İqtisadiyyat İnstitutu Elmi Şurasının sədri, professor Pey Çanxunun “Bir kəmər – bir yol” layihəsi çərçivəsində Çin və Azərbaycan arasında iqtisadi əməkdaşlıq”, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri, akademik Ziyad Səmədzadənin “Yeni müstəqillik dövründə Azərbaycanın iqtisadi inkişaf strategiyası haqqında”, ÇİEA İqtisadiyyat İnstitutunun Makroiqtisadi tədqiqatlar şəbəsinin müdiri Çan Sinin “13-cü beşillik plan dövründə Çinin əsas iqtisadi və sosial inkişaf trendləri” və digər mövzularda məruzələr dinlənilib.

Məruzələrdə ölkələrarası elmi əlaqələrin prioritetləri və qarşılıqlı maraq doğuran məsələlərdən bəhs olunub, Çinin iqtisadi təcrübəsinin öyrənilərək Azərbaycanda tətbiqinin zəruriliyi vurğulanıb.

 

© www.science.gov.az 

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015