AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
BİOLOGİYA VƏ TİBB ELMLƏRİ BÖLMƏSİ
Foto
"AMEA-nın professoru" elmi adının verilməsi məqsədilə keçirilən seçkidə BTEB üzrə 4 namizəd iştirak edir
İyn 13, 2017 | 04:00 / Konfranslar, iclaslar
Oxunub 1030 dəfə

İyunun 12-də AMEA Rəyasət Heyətində Biologiya və Tibb Elmləri Bölməsinin (BTEB) ümumi yığıncağı keçirilib. Yığıncaqda bölmə üzrə AMEA-nın həqiqi və müxbir üzvləri, elmi müəssisələrin direktorları iştirak ediblər.

Tədbiri giriş sözü ilə BTEB-in akademik-katibi, akademik Əhliman Əmiraslanov açaraq gündəlikdə olan məsələləri iştirakçıların diqqətinə çatdırıb.

Ümumi yığıncaqda Torpaqşünaslıq və Aqrokimya İnstitutunun Üzvi gübrələr laboratoriyasının müdiri, aqrar elmlər üzrə elmlər doktoru Paşa Zamanov elmdə göstərdiyi xidmətlərə görə və 90 illik yubileyi münasibətilə BTEB-in Fəxri fərmanı ilə mükafatlandırılıb.

Tədbirdə AMEA-nın müxbir üzvləri İbrahim ƏzizovƏlövsət Quliyevin 70, Botanika İnstitutunun elmi işlər üzrə direktor müavini, biologiya üzrə elmlər doktoru Eldar Novruzovun 75, Zoologiya İnstitutunun Teriologiya laboratoriyasının müdiri, biologiya üzrə elmlər doktoru Qiyas Quliyevin 70 və Fiziologiya İnstitutunun Hüceyrənin morfofunksional plastikliyi laboratoriyasının müdiri, biologiya üzrə elmlər doktoru Fəxrəddin Əskərovun 80 illik yubileylərinin keçirilməsi ilə bağlı müzakirələr aparılıb.

İclasda bir sıra kadr məsələlərinə baxılıb, eləcə də Zoologiya İnstitutunda Beynəlxalq əlaqələr şöbəsinin yaradılması ilə bağlı AMEA Rəyasət Heyəti qarşısında vəsatət qaldırılması qərara alınıb. 

Daha sonra yeni təsis olunmuş "AMEA-nın professoru" elmi adına namizədliyini təqdim etmiş şəxslərin adları diqqətə çatdırılıb. Namizədlərin sənədləri ilə tanışlıqdan sonra onların elmi və pedaqoji fəaliyyətlərinə dair müzakirələr aparılıb.

Akademik Əhliman Əmiraslanov "AMEA-nın professoru" elmi adının verilməsi məqsədilə keçirilən seçkidə biologiya və tibb elmləri üzrə 4 namizədin iştirak etdiyini bildirib. Qeyd edib ki, bu ada layiq görüləcək alimlərin AMEA-da baş verən proseslərdə daha yaxından iştirakı təmin ediləcək. Sonra büro üzvləri adları qeyd edilən namizədlər barədə fikirlərini səsləndiriblər.

Sonda gizli səsvermə yolu ilə seçki keçirilib və namizədlərin adı AMEA Rəyasət Heyətinə təqdim ediləcək siyahıya daxil olunub.

 

© www.science.gov.az

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015