AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
BİOLOGİYA VƏ TİBB ELMLƏRİ BÖLMƏSİ
Foto
Genetik Ehtiyatlar İnstitutu Niderlandın "Rijk Zvaan" şirkəti ilə əməkdaşlıq edəcək
İyn 10, 2017 | 01:36 / Konfranslar, iclaslar
Oxunub 973 dəfə

Genetik Ehtiyatlar İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Zeynal Əkpərov Niderland Krallığının kənd təsərrüfatı bitkilərinin tədqiqi, seleksiyası və toxumçuluğu üzrə tanınmış tədqiqat və istehsal müəssisəsi olan “Rijk Zvaan” şirkətinin dəvəti ilə bu ölkəyə səfər edib.

Məqsəd “Rijk Zvaan” şirkəti ilə yaxından tanış olmaq, qarşılıqlı texnologiya və alim mübadiləsi, birgə tədqiqat və gənc kadrların hazırlanması üzrə əməkdaşlıq imkanlarını araşdırmaq, genetik ehtiyatların toplanılması ilə bağlı ekspedisiyaların təşkili məsələlərini müzakirə etmək olub.

Səfər çərçivəsində Zeynal Əkpərov sözügedən şirkətin kənd təsərrüfatı bitkiləri, xüsusən də biotexnologiyalardan geniş istifadə etməklə tərəvəz bitkilərinin seleksiya və toxumçuluğu üzrə qazandığı çoxillik böyük təcrübəsi, elmi-tədqiqat imkanları ilə tanış olub.

Şirkətin rəhbərliyi və alim heyəti ilə görüşən Z.Əkpərov Azərbaycanın zəngin aqrobiomüxtəlifliyi, onun öyrənilmə və qorunma vəziyyəti, aqrar və biologiya elmləri sahələrində yaradılmış elmi-texniki və kadr potensialı haqqında məlumat verib, birgə multidissiplinar tədqiqatların tərəflər üçün fayda verəcəyinə əminliyini ifadə edib.

Görüşlər zamanı ilkin razılaşma əldə olunub və yaxın zamanlarda qarşılıqlı əməkdaşlıq müqaviləsinin imzalanması gözlənilir.

Qeyd edək ki, səfərdə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin mütəxəssisi Tofiq Məmmədov, o cümlədən Rusiya və Tacikistandan olan alimlər də iştirak ediblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015