AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
BİOLOGİYA VƏ TİBB ELMLƏRİ BÖLMƏSİ
Foto
AMEABotanika İnstitutunda elektron məlumat bazaları haqqında seminar keçirildi
Apr 15, 2017 | 02:15 / Konfranslar, iclaslar
Oxunub 882 dəfə

AMEA Botanika İnstitutunda Ekosistemlərin fitososiologiyası laboratoriyasının müdiri, b.e.d. Naibə Mehdiyevanın təqdimatında “Elektron məlumat bazalarının elmi tədqiqatlarda rolu”mövzusunda maarifləndirici seminar keçirildi. İnstitutun Gənc Alim və Mütəxəssislər şurasının fəal iştirakı ilə təşkil olunmuş seminarda dərman və nadir bitkilər üzrə yaradılmış elektron məlumat bazalarının əhəmiyyəti və istifadəsi haqqında məlumat verildi. Qeyd olundu ki, dərman bitkiləri üzrə bazada Azərbaycan florasına aid 1550 növ bitki 26 parametr üzrə bolünmüş və formalizə edilmiş informasiyanı özündə cəmləşdirir. Bu elektron baza məlumatları istənilən parametrlər üzrə qruplaşdırmaq, tələb olunan xassə və xüsusiyyətlərə malik bitkilər və bitki qrupları haqqında informasiyanı rəqəm və siyahı şəklində əldə etmək və s. əməliyyatları həyata keçirməyə imkan verir.

Nadir bitkilər üzrə olan bazada isə növlərin həyati formaları, ekoloji qruplar, növlərin botaniki-coğrafi rayonlar və şaquli zonalıq üzrə paylanması, endem və nadirlik kateqoriyası üzrə göstəriciləri, GPS göstəriciləri, faydalı xüsusiyyətləri,populyasiyaların ontogenetik vəziyyəti və strukturu haqqında dəqiq və ətraflı məlumatların olduğuəyani gostərildi. Həmçinin, bazaya daxil olan hər bir növün yayılması üzrə elektron xəritənin online istifadəsi izah edildi.

Sonda gənc mütəxəssisləri maraqlandıran suallar cavablandırıldı, mövzu ətrafında müzakirələr aparıldı.

Qeyd edək ki, bu məsələlərin müzakirəsi Azərbaycan Respublikasında bioloji müxtəlifliyin qorunması və davamlı istifadəsinə dair 2017-2020 –ci illər üçün Milli strategiya və fəaliyyət planı, “ Azərbaycan 2020: gələcəyə baxış” planı və s. həyata keçirilməsi üçün xüsusi əhəmiyyət kəsb edir.

 

 

©  http://bteb.science.gov.az/ 

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015