AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
BİOLOGİYA VƏ TİBB ELMLƏRİ BÖLMƏSİ
AMEA Genetik Ehtiyatlar İnstitutunun əməkdaşı Meksikada CİMMYT tərəfindən təşkil olunan beynəlxalq seminarda iştirak etmişdir
Dek 14, 2016 | 03:22 / Konfranslar, iclaslar
Oxunub 1029 dəfə

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Genetik Ehtiyatlar İnstitutunun (GEİ) elmi işlər üzrə direktor müavini, biologiya üzrə fəlsəfə doktoru Mehrac Abbasov Meksikanın Mexiko şəhərində 5 günlük elmi ezamiyyətdə olmuşdur.

CİMMYT beynəlxalq təşkilatı tərəfindən təşkil olunan “Genbanklar üçün Genomika” adlı seminarda İCARDA, İRRİ, İCRİSAT kimi beynəlxalq qurumlarla yanaşı, Azərbaycan, ABŞ, Böyük Britaniya, Çin, Fransa, Çexiya və bir sıra başqa ölkələrdən genom və molekulyar marker texnologiyaları ilə çalışan 48 alim və mütəxəssis iştirak etmişdir. Tədbir zamanı genom səviyyəsində aparılan tədqiqatların genbank və seleksiya işləri üçün önəmli olduğu vurğulanmış, yeni metodlar barədə məlumat verilmiş, bəzi tədqiqatların nəticələri nümayiş etdirilmiş və yeni genomu oxunan orqanizmlər haqqında məruzələr dinlənilmişdir. Bildirilmişdirki, artıq bütün beynəlxalq və inkişaf etmiş ölkələrin genbanklarında saxlanılan bitki genetik ehtiyatlarının de-novo və re-sekvenslənməsi işinə başlanılmış və minlərlə bitkilərin genomlarının oxunması yekunlaşmışdır. Bitki genetik ehtiyatlarının genotipləşdirlməsində istifadə olunan “sekvens əsasında genotipləşdirmə” və “ekzom sekvenslənmənin” genetik ehtiyatların qruplaşdırılmasında,  fenotipik əlamətlərin xəritələşdirilməsində və özək kolleksiyaların yaradılması işində olduqca önəmli olduğu bildirilmişdir.

M.Abbasov seminarda “Azərbaycan bitki genetik ehtiyatlarının genotipləşdirilməsi” adlıməruzə ilə çıxış etmişdir. O, qeyd etmişdirki, AMEA GEİ-də 2007-ci ildən başlayaraq molekulyar markerlərlə bitkilərin genotipləşdirilməsinə başlanılmış və nəticələrə aid çoxsaylı beynəlxalq məqalələr yayımlanmışdır. 2013-cü ildən isə Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun pilot layihəsi çərçivəsində Azərbaycanda genom səviyyəsində tədqiqatlara başlamaq və yüksəkixtisaslı kadrlar hazırlamaq məqsədilə GEİ-nin Biotexnologiya şöbəsinin tərkibində Genomika laboratoriyası yaradılmış və Yeni Nəsil Sekvenserləri (YNS) alınaraq quraşdırılmışdır. 2015-ci ildən başlayaraq sekvens əsasında genotipləşdirmə, amplikon sekvensləməvə SNP metodları ilə tədqiqatlara başlanılmış, eyni zamanda buğda və arpa bitkiləri üzrə ilkin nəticələr alınmışdır. Bundan başqa, YNS-lərlə kiçik genomların oxunması üzrə də tədqiqatlar aparılır. 2015-ci ildən həmçinin ABŞ və Avstraliya alimləri ilə birgə nar bitkisinin genomunun de-novo oxunmasına və transkriptom analizinə başlanılmışdır. Bu sahədə laboratoriya təcrübələri yekunlaşmış və alınan genom informasiyasının bioinformatik analizi aparılır.

Beynəlxalq təşkilatlar tərəfindən Azərbaycanda genetik ehtiyatların qorunması, in-situex-situ saxlanılması, seleksiyada istifadəsi və müasir texnologiyalardan istifadə etməklə öyrənilməsi işi yüksək qiymətləndirilmişdir.

Gələcəkdə genom sə viyyəsində tədqiqatların gücləndirilməsi və bütün bitkiləri əhatə etməsi, yeni metodların mənimsənilməsi və beynəlxalq layihələrdə birgə iştirak etmək məqsədilə İCARDA, CİMMYT, ABŞ, Çin, Fransavə Çexiyanın təmsilçiləri ilə müzakirələr aparılmışdır.

 

© www.bteb.science.gov.az

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015