AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
BİOLOGİYA VƏ TİBB ELMLƏRİ BÖLMƏSİ
Foto
“İnnovasiya fəaliyyəti və elmin kommersiyalaşdırılması” mövzusunda növbəti seminar keçirilib
Dek 02, 2016 | 06:48 / Konfranslar, iclaslar
Oxunub 522 dəfə

Dekabrın 2-də AMEA-nın Mərkəzi Elmi Kitabxanasında (MEK) Biologiya və Tibb Elmləri Bölməsi (BTEB) üzrə “İnnovasiya fəaliyyəti və elmin kommersiyalaşdırılması” mövzusunda seminar təşkil olunub.

Tədbir AMEA Rəyasət Heyəti aparatının İnnovasiya şöbəsinin təşəbbüsü, Gənc Alim və Mütəxəssislər Şurasının, Müəllif Hüquqları və Patent şöbəsinin birgə təşkilatçılığı ilə keçirilib. 

Seminarda İnnovasiya şöbəsinin müdiri, aqrar elmlər üzrə fəlsəfə doktoruVüqar Babayev bildirib ki, tədbirin əsas məqsədi elm-istehsalat əlaqələrinin genişlənməsi və multidissiplinar innovativ layihələrin hazırlanması, elmin kommersiyalaşdırılmasının təşkilində patent və lisenziyaların rolu, bu istiqamətdə beynəlxalq təcrübələr, o cümlədən AMEA Təcrübə-Sənaye Zavodunda həyata keçirilən innovativ layihələrlə tanışlıqdır. V.Babayev, həmçinin akademiyada elmin kommersiyalaşdırılması istiqamətində görülən işlər, aparılan uğurlu islahatlar barədə məlumat verib. Şöbə müdiri BTEB-nin alim və mütəxəssislərini AMEA-nın yeni yaradılan Yüksək Texnologiyalar Parkının gələcək fəaliyyətində yaxından iştiraka, öz innovativ ideya və təkliflərini təqdim etməyə çağırıb.

Sonra İnnovasiya şöbəsinin baş mütəxəssisi Samir Vəliyev “AMEA-da innovasiya fəaliyyəti və elmin kommersiyalaşdırılmasının təşkili” mövzusunda məruzə ilə çıxış edib. Məruzəçi şöbənin innovasiya fəaliyyətindən, Akademiyada elmin kommersiyalaşdırılması üzrə görülən işlərdən danışıb. Samir Vəliyev Yüksək Texnologiyalar Parkının gələcək inkişafı üçün innovasiya fəaliyyəti istiqamətində beynəlxalq təcrübənin öyrənilməsinin vacibliyini vurğulayıb.

Müəllif Hüquqları və Patent şöbəsinin müdiri Sadıx Nəbiyev “Elmin kommersiyalaşdırılmasında patent və lisenziyaların rolu” adlı məruzəsində əqli mülkiyyət hüquqlarının qorunması ilə bağlı zəruri məlumatları tədbir iştirakçılarının diqqətinə çatdırıb. Alim patent və əqli mülkiyyət hüquqlarının tətbiqinin onun qorunmasından daha önəmli amil olduğunu bildirib.

Sonra AMEA İdarəetmə Sistemləri İnstitutunun baş elmi işçisi, ERC və HORIZON 2020-də Milli əlaqələndirici (NCP), fizika-riyaziyyat üzrə fəlsəfə doktoru Elxan Səbziyev təqdimatla çıxış edərək beynəlxalq proqram və layihələrdə iştirak imkanları və prinsiplərindən danışıb. Avropa Komissiyasının “HORİZON-2020” çərçivə proqramlarında iştirakın zəruriliyini vurğulayan E.Səbziyev sözügedən çərçivə proqramında iştirak etmə qaydaları, müsabiqələr, sənədləşdirmə və konsorsiumların yaradılması kimi vacib məlumatları bölüşüb.

Sonda mövzu ətrafında müzakirələr aparılıb.

©  www.science.gov.az 

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015