AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
BİOLOGİYA VƏ TİBB ELMLƏRİ BÖLMƏSİ
Zoologiya İnstitutunun 80 illik yubileyi qeyd olunub
Noy 23, 2016 | 05:47 / Yubileylər
Oxunub 370 dəfə

Noyabrın 23-də AMEA-nın Zoologiya İnstitutunun 80 illik yubileyinə həsr olunan “Qafqaz ekosistemi: dünən, bu gün, sabah (Qafqazın 80 illik zooloji tədqiqatları)” mövzusunda beynəlxalq elmi konfrans işə başlayıb.

Tədbiri giriş nitqi ilə açan AMEA-nın prezidenti, akademik Akif Əlizadə Azərbaycanın ilk elmi-tədqiqat müəssisələrindən olan Zoologiya İnstitutunun keçdiyi böyük inkişaf yolundan danışıb. Bildirilib ki, ölkəmizin elm tarixində müstəsna xidmətləri olan bu institut zoologiyanın müxtəlif sahələrində elmi potensialın yaradılmasında mühüm rol oynayıb.

Qeyd olunub ki, elmi müəssisə 1932-ci ildə SSRİ Elmlər Akademiyasının Zaqafqaziya filialının Azərbaycan şöbəsində bölmə, 1936-cı ildən isə onun bazasında institut kimi fəaliyyət göstərib. Ötən müddət ərzində institut Azərbaycan elminə layiqli töhfələr verib, bir neçə nəsil zooloq-tədqiqatçılar yetişdirib.

AMEA rəhbəri vurğulayıb ki, Zoologiya İnstitutu hazırda Azərbaycanın dövlət siyasətinin mühüm prioritetlərindən biri olan elmin inkişafında yaxından iştirak edir, milli zoologiya elminin dünya elminə inteqrasiyası üçün müasir dövrün tələbləri səviyyəsində strukturun yaradılmasına çalışır.

Sonra çıxış edən AMEA Biologiya və Tibb Elmləri Bölməsinin akademik-katibi, akademik Əhliman Əmiraslanov elmi müəssisənin milli zoologiya elminin inkişafında rolundan, institut əməkdaşlarının müasir elmi istiqamətlər üzrə fəaliyyətindən söz açıb. Bildirib ki, institut “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasını əsas tutaraq biomüxtəlifliyin qorunması, kənd təsərrüfatı bitkilərinin bioloji mühafizəsinin elmi-praktiki əsaslarının hazırlanması, zərərvericilərin sayının bioloji üsullarla tənzimlənməsi məqsədilə mültidisiplinar təqdiqatların aparılmasını qarşıya hədəf qoyub.

İnstitutun beynəlxalq əlaqələrinin genişləndiyini diqqətə çatdıran akademik Əhliman Əmiraslanov bu elmi müəssisənin Rusiyanın Zoologiya, Sitologiya, Elmi-Tədqiqat Bitki Mühafizəsi institutları və Tümen Dövlət Universiteti, Gürcüstanın Zoologiya İnstitutu, Fransanın Jozef Furye Universiteti, ABŞ-ın Texas və Kaliforniya Universitetləri, Finlandiyanın Turku Universiteti, Türkiyənin Orta Doğu Texniki Universiteti, Almaniyanın Drezden Zoologiya Muzeyi və digər tanınmış xarici qurumlarla əməkdaşlıq əlaqələrindən, müştərək tədqiqatlarından danışıb.

Daha sonra Zoologiya İnstitutunun direktoru, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru Elman Yusifov çıxış edərək, müəssisənin əsas fəaliyyət istiqamətlərindən, fundamental tədqiqatlardan və əldə olunan elmi nəticələrdən söz açıb. Bildirib ki, hazırda institutun əməkdaşları Azərbaycanın su hövzələrinin biomüxtəlifliyinin öyrənilməsi, bioloji ehtiyatların davamlı inkişafının təmin olunması və bioloji resursların bərpası, Xəzər akvakultura təsərrüfatlarının təşkili, daxili su hövzələrində balıqçılıq təsərrüfatlarının yaradılması, kənd təsərrüfatı heyvanlarının xəstəliklərinə qarşı aparılan mübarizə tədbirlərinin işlənilməsi istiqamətində elmi-tədqiqat işləri aparır.

İnstitutun həyata keçirdiyi elmi tədqiqatlarda müasir metodların tətbiqi məsələsinə toxunan E.Yusifov milli faunanın növ və populyasiyalarının öyrənilməsində molekulyar-genetik, riyazi-modelləşdirmə, kosmik və məsafədən tədqiqatların aparıldığını bildirib. Alim elmi müəssisənin zəngin kolleksiya fondundan, institut alimlərinin beynəlxalq qrantlar hesabına apardığı tədqiqatlardan, son dövrdə nəşr edilən elmi əsərlərdən, institutda yüksəkixtisaslı gənc kadrların hazırlanması, onların elmi-tədqiqat və idarəetmə məsələlərindən danışıb.

Daha sonra çıxış edən AR Ekologiya və təbii sərvətlər nazirinin müaviniFirdovsi Əliyev konfrans iştirakçılarını yubiley münasibətilə təbrik edib. Ekoloji siyasətin əsasını təşkil edən ətraf mühitin sağlamlaşdırılması sahəsində bilik və bacarığını əsirgəməyən zooloq-alimlərin xidmətlərindən bəhs edib.

Beynəlxaq konfransda AMEA Naxçıvan Bölməsinin Bioresurslar İnstitutunun direktoru, akademik Tariyel Talıbov, Türkiyənin Fırat Universitetinin Akvakultura və Balıq Xəstəlikləri Departamentinin müdiri, professor Naim Sağlam, London Kral Cəmiyyətinin üzvü, professor Rosi Skaravatti, Şmalhauzen adına Ukrayna Zoologiya İnstitutunun elmi işlər üzrə direktor müavini, professor Vitali Xarçenko, Bakı Dövlət Universitetinin kafedra müdiri, biologiya üzrə elmlər doktoru Qara Mustafayev və digər iştirakçılar da çıxış ediblər.

Tədbirdə Elm TV İnternet televiziyasının hazırladığı Zoologiya İnstitutunun 80 illik yubileyinə həsr olunmuş sənədli film nümayiş olunub.

Plenar iclasdan sonra konfrans seksiyalar üzrə elmi məruzələrlə davam edib.

© www.science.gov.az 

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015