AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
BİOLOGİYA VƏ TİBB ELMLƏRİ BÖLMƏSİ
AMEA Genetik Ehtiyatlar İnstitutunun əməkdaşı ABŞ-da elmi ezamiyyətdə olmuşdur
Noy 11, 2016 | 05:00 / Konfranslar, iclaslar
Oxunub 3039 dəfə

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Genetik Ehtiyatlar İnstitutunun (GEİ) elmi işlər üzrə direktor müavini, Biotexnologiya şöbəsinin müdiri, biologiya üzrə fəlsəfə doktoru Mehrac Abbasov ABŞ-da  3 aylıq elmi ezamiyyətdə olmuşdur.

O, ABŞ-ın Şimali Dakota Dövlət Universitetinin (ŞDDU) Bitki patologiyası kafedrasının Genomika laboratoriyasında tədqiqatlar aparmışdır. Səfər zamanı Yeni Nəsil Sekvenserlərindən (İon torrent) istifadə etməklə genom səviyyəsində tədqiqatların aparılması üçün sekvens əsasında genotipləşdirmə və çoxpraymerli paralel sekvensləmə metodları öyrənilmiş və Azərbaycan dilində təlimat hazırlanmışdır. Bundan əlavə, RealTime PCR cihazından istifadə etməklə KASP markerləri ilə təcrübələrin qoyulması üçün metodika mənimsənilmişdir. Aparılan tədqiqat işində ilk dəfə olaraq buğda genomunu əhatə edən 830 praymer dizayn edilərək yeni panel hazırlanmış və çoxpraymerli paralel sekvensləmə metodu ilə Azərbaycan Milli Genbankında saxlanılan 170 diploid (Triticum monococcum, T.urartu, T.boeoticum), 178 bərk (T.durum) və 172 yumşaq (T.aestivum) buğda nümunəsinin genetik müxtəlifliyi tədqiq edilmişdir. Həmçinin, ŞDDU–nun Genomika laboratoriyası tərəfindən hazırlanmış 365 praymerlik paneldən istifadə etməklə Azərbaycan mənşəli 86 yabanı (Hordeum spontaneum) və 85 mədəni arpanın (H.vulgare) genetik identifikasiyası həyata keçirilmiş və 780 SNP aşkar edilmişdir. 2012-ci ildə ABŞ-ın Kanzas Dövlət Universitetinin alimləri (professor Bikram Gill və Dr. John Raupp) və GEİ-nin alimlərinin (professor Naib Əminov və biologiya üzrə fəlsəfə doktoru Mehrac Abbasov) birgə ekspedisiyası zamanı Azərbaycan və Gürcüstan ərazisindən toplanılan 88 Aegilops nümunəsi sekvens əsasında genotipləşdirilmiş və 1250 SNP identifikasiya edilmişdir. Tədqiq edilən Aegilops və buğda nümunəsinin 24 SSR markeri ilə genetik pasportlaşdırılması da həyata keçirilmişdir. İlk dəfə olaraq, Milli genbankda saxlanılan 172 yumşaq buğda nümunəsi 11 gen spesifik KASP markerinə görə skrininq edilmiş, 16 nümunədə Lr34 geni, 31 nümundədə GluD1 geni, 1 nümunədə 3 B xromosomunda yerləşən FHB geni, 48 nümunədə 5 A xromosomunda yerləşən FHB geni aşkar edilmişdir. Yeni Nəsil Sekvenserindən alınmış nəticələrin bioinformatik analizi üçün UNEAK, GATK, SAMtools proqramları, biostatistik analizi üçün isə Darvin, Structure, Mega-6 və Tassel proqramları mənimsənilmişdir. AMEA GEİ-nin Biotexnologiya şöbəsinin Genomika laboratoriyasında və ŞDDU-nun Bitki patologiyası kafedrasının eyniadlı laboratoriyasında aparılan tədqiqatların əlaqələndirilməsi, birgə magistr və doktorant hazırlığı, o cümlədən beynəlxalq və yerli qrantlarda birgə iştirak etmək üçün müzakirələr aparılmış və razılıq əldə edilmişdir.

Elmi ezamiyyə ABŞ Dövlət Departamentinin Fulbright proqramı çərçivəsində həyata keçirilmişdir.

© www.bteb.science.gov.az

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015