AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
BİOLOGİYA VƏ TİBB ELMLƏRİ BÖLMƏSİ
Azərbaycan elmi ictimaiyyətinə ağır itki üz verib
Dek 24, 2020 | 12:51
Oxunub ( 79 )

Tanınmış cərrah-həkim, Əməkdar elm xadimi, tibb elmləri doktoru, professor, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, Rusiya Xalqlar Dostluğu Universitetinin Hospital cərrahiyyəsi kafedrasının professoru, Rusiyanın Azərbaycan Diaspor Təşkilatları Konfederasiyasının sədri Fazil Səməd oğlu Qurbanov 2020-ci il dekabrın 23-də ömrünün 77-ci ilində vəfat etmişdir.

Fazil Qurbanov 1944-cü il fevralın 18-də Bakı şəhərində anadan olmuşdur. 1973-cü ildə Azərbaycan Dövlət Tibb İnstitutunun Müalicə-profilaktika fakültəsini bitirmişdir.

Əmək fəaliyyətinə 1975-ci ildə Azərbaycan EA-nın Akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunda elmi işçi kimi başlayan Fazil Qurbanov 1980-1987-ci illərdə SSRİ Tibb Elmləri Akademiyasının Ümumittifaq Cərrahiyyə Elmi Mərkəzinin aspirantı və elmi işçisi, 1988-1999-cu illərdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Qastroenterologiya İnstitutunda şöbə müdiri, 1991-1999-cu illərdə Azərbaycan Tibb Universitetində Cərrahiyyə kafedrasının professoru olmuşdur. Fəaliyyətini Moskva şəhərində davam etdirən alim 1999-2005-ci illərdə Rusiya Federasiyası Dəmiryolu Nazirliyinin N.A.Semaşko adına Mərkəzi Kliniki Xəstəxanasında Cərrahiyyə şöbəsinə rəhbərlik etmiş, 1999-ci ildən ömrünün sonunadək Rusiya Xalqlar Dostluğu Universitetinin Hospital cərrahiyyəsi kafedrasının professoru vəzifəsində çalışmışdır.

Fazil Qurbanov 1983-cü ildə namizədlik, 1987-ci ildə doktorluq dissertasiyalarını müdafiə etmiş, 1988-ci ildə Azərbaycan Tibb Universitetinin, 1999-cu ildə Rusiya Xalqlar Dostluğu Universitetinin professoru seçilmişdir. O, 2014-cü ildə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, 2017-ci ildə isə həqiqi üzvü seçilmişdir.

Fazil Qurbanov elmi tədqiqatlarını əsasən mədə xorasının cərrahi müalicəsi, əməliyyat olunmuş mədədə rekonstruktiv bərpa, qida borusunun xərçəngi və xoşxassəli çapıq strikturları, qarın boşluğu orqanlarının və peritonətrafı sahənin az invaziv cərrahi əməliyyatları istiqamətində aparmışdır. O, cərrahi müalicədən sonra kardiospazm residivləri zamanı pnevmatik kardiodilyatasiyanın yaranma mexanizmlərini öyrənmiş, xərçəng və qida borusunun xoşxassəli strikturları zamanı birmomentli ezofaqoplastikanın üstünlüklərini göstərmişdir. Alim həzm traktının xoşxassəli və bədxassəli xəstəliklərinin cərrahi və konservativ müalicəsində bir sıra yeni metodları müvəffəqiyyətlə tətbiq etmişdir.

Fazil Qurbanov 280-dən çox elmi əsərin, o cümlədən 8 monoqrafiyanın, Rusiya və Azərbaycanın ali təhsil müəssisələri üçün 4 dərslik və metodiki vəsaitin, 13 ixtira və 7 səmərələşdirici təklifin müəllifidir. Onun elmi rəhbərliyi və məsləhətçiliyi ilə respublikamız və xarici ölkələr üçün 30-a yaxın tibb elmləri doktorları və tibb üzrə fəlsəfə doktorları hazırlanmışdır.

Fazil Qurbanov Rusiya Xalqlar Dostluğu Universitetinin Dissertasiya şurasının, N.İ.Piroqov adına Cərrahlar Assosiasiyasının, Torakal Cərrahlar Assosiasiyasının, Beynəlxalq Cərrahlar kollecinin üzvü olmuşdur.

Səmərəli ictimai fəaliyyət göstərən Fazil Qurbanov Rusiyanın Azərbaycan Diaspor Təşkilatları Konfederasiyasının sədri kimi Rusiya-Azərbaycan dövlətlərarası münasibətlərinin inkişafına əhəmiyyətli töhfələr vermişdir.  

Ölkəmizdə tibb elminin inkişafında və yüksəkixtisaslı həkim kadrların hazırlanması sahəsində akademik Fazil Qurbanovun xidmətləri dövlət tərəfindən layiqincə qiymətləndirilmiş, o, Azərbaycan Respublikasının Əməkdar elm xadimi fəxri adına layiq görülmüş, “Şöhrət” ordeni ilə təltif edilmişdir.

Tanınmış alim, həkim və səmimi insan Fazil Səməd oğlu Qurbanovun xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaqdır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015