AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
BİOLOGİYA VƏ TİBB ELMLƏRİ BÖLMƏSİ
“Koronavirus pandemiyası: elmi tədqiqatlardan sağlam gələcəyin təminatına doğru” adlı onlayn konfrans keçiriləcək
İyl 30, 2020 | 04:41
Oxunub ( 295 )

4-5 avqust 2020-ci il tarixlərində “Koronavirus pandemiyası: elmi tədqiqatlardan sağlam gələcəyin təminatına doğru” mövzusunda onlayn konfrans keçiriləcək.

Tədbirdə AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin, Azərbaycan Respublikası Milli Məclisinin Səhiyyə Komitəsinin sədri, akademik Əhliman Əmiraslanovun, AMEA-nın vitse-prezidenti, akademik İradə Hüseynovanın, AMEA-nın müşaviri, Yüksək Texnologiyalar Parkının direktoru, akademik Əli Abbasovun, eləcə də Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) və Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin rəhbər şəxslərinin iştirakı nəzərdə tutulub.

“Zoom” platforması üzərindən baş tutacaq tədbirin birinci günündə AMEA-nın müxbir üzvü Nuru Bayramov, prof. İsmayıl Zülfüqarov, AMEA-nın müxbir üzvü Pənah Muradov və b.ü.f.d. Ələmdar Məmmədovun, ikinci günündə isə prof. Ulduz Həşimova, b.ü.f.d. Samirə Rüstəmova, b.e.d. Dilzarə Ağayeva, b.ü.f.d. Mehrac Abbasovun moderatorluğu ilə plenar və seksiya iclaslarında çıxışlar təqdim olunacaq.

Onlayn tədbirdə “Koronavirusların genomlarının ümumi struktur təşkili”, “Azərbaycanın antiviral bitkiləri və onların istifadə yolları”, “Uşaqlarda yeni koronavirus infeksiyası”, “COVID-19 – yeni tipli koronavirus infeksiyasının diaqnostika, müalicə və spesifik profilaktika problemləri”, “Azərbaycan Respublikası ərazisində COVID-19 infeksiyasının yayılma dinamikasının statistik analizi”, “COVID-19 pandemiyası çağırışları: immun sisteminin qiymətləndirilməsinə yeni yanaşma”, “Azərbaycanda onkoloji xəstələr arasında COVID-19 infeksiyasının yayılma xüsusiyyətləri” və digər mövzularda Azərbaycan, rus və ingilis dillərində məruzələr dinləniləcək. Həmçinin SARS-Cov-2 virusuna qarşı klinik və pre-klinik tədqiqatlar mərhələsində olan vaksin və dərman preparatları, COVID-19 infeksiyasının klinik özəllikləri və özünü doğrultmuş müalicələr, COVID-19 pnevmoniyasının diaqnostikasında döş qəfəsinin rentgenoqrafiya və kompüter tomoqrafiya müayinələrin imkanlarının öyrənilməsi, SARS-CoV-2 və digər koronavirusların membran zülallarının bioinformatik müqayisəsi ilə bağlı müzakirələr aparılacaq.

http://science.gov.az/news/open/13917

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015